Koronavirus infeksiyasının daha yoluxucu delta variantı ölkədə epidemioloji vəziyyəti gərginləşdirsə də, rusiyalıların 54%-i hələ də COVİD əleyhinə peyvəndlənməyə hazır deyil. “Levada” sorğu mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri bunu göstərib.
Novator.az-ın məlumatına görə, özünü peyvəndlənməyə hazır bilməyənlərin 41%-i deyib ki, heç vaxt peyvənd vurdurası deyillər. Amma həmin 41%-in 24%-i onu da qeyd edib ki, vaksinlərin təhlükəsizliyinə tam təminat verən bütün sınaqlar başa çatandan sonra peyvəndlənməyə hazır ola bilərlər.
Özünü peyvəndlənməyə hazır bilməyənlərin 7%-i yalnız məcburiyyət qarşısında qalsalar, peyvənd olunacaqlarını bildiriblər.
Peyvənddən imtina edənlərin 33%-i bunu vaksinlərin əks təsirləri ilə əlaqələndirib. 20%-i kliniki sınaqların sonunu gözlədiyini, 16%-i isə vaksinasiyanın mənasız olduğunu vurğulayıb.
Sorğu iştirakçılarının 58%-i məcburi vaksinasiyanı dəstəkləməyib (Rusiyanın bəzi bölgələrində əhalinin müəyyən qrupları üçün COVİD-ə qarşı peyvəndlənmək məcburi xarakter daşıyır). Amma yaşı 55-dən yuxarı olanların 48%-i məcburi peyvəndləməyə müsbət yanaşıb. Yaşı 25-39 arasında olanların yalnız 26%-i vaksinasiyanın məcburi olmasına tərəfdar çıxıb.
“Levada”nın sorğusu rusiyalıların 57%-nin COVİD-19 infeksiyasına yoluxmaqdan qorxmadığını, 41%-nin isə qorxduğunu üzə çıxarıb. Koronavirusa yoluxmaqdan qorxanların 20%-i artıq peyvənd olunub, qalan 37%-i də peyvəndlənməyə hazırdır.
İnfeksiyaya yoluxmaqdan qorxmayanların 19%-i peyvəndlənib, 16%-i peyvəndlənməyə hazırdır.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 222 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 4 milyondan çox adamın ölümünə səbəb olub. Bu ölümlərin 141 minə yaxını Rusiyada qeydə alınıb. Bəzi ekspertlər Rusiyada ölüm sayının rəsmi statistikada göstəriləndən bir neçə dəfə çox olduğunu iddia edirlər.
Koronavirusun daha yoluxucu delta variantı son günlər Rusiyada həm xəstələnənlərin, həm də ölənlərin sayını artırıb. Paytaxt Moskvada yoluxmaların 90 faizinə hazırda delta variantının səbəb olduğu bildirilir. Buna görə də hökumət bəzi bölgələrdə, o cümlədən paytaxtda əhalinin müəyyən qruplarını peyvəndlənməyə məcbur etmək haqda qərarlar verməli olub.
Mənbə: Themoscowtimes.com