İqtisadçı Natiq Cəfərli “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) fəaliyyəti ilə bağlı təklif verib.
Əsası 1992-ci ildə qoyulmuş AZAL-ın bütün səhmləri dövlətə məxsusdur.
Novator.az-ın məlumatına görə, Natiq Cəfərli yazır ki, AZAL ən çox tənqid olunan dövlət qurumlarındandır, amma heç bir dəyişiklik gözə çarpmır, biletlər bahadır, inhisarçılıq davam edir: “Yaxşı, hökumət AZAL-la bağlı qəti qərarlar vermir, bunu anladıq, amma heç olmasa ölkə daxilində rəqabətli mühit yaratsın ki, AZAL da qiymətləri endirməyə məcbur olsun.
Bunu etmək çox sadədir. Məsələn, Lənkərandakı hava limanının tikintisinə 51,5 milyon dollar (indiki məzənnə ilə 87 milyon manatdan çox) pul xərclənib. Həmin aeroport demək olar ki, çalışmır, hər il onun kommunal xərclərinə və işçilərin maaşına 5 milyon manata yaxın pul gedir. 2008-ci ildən bəri hava limanının xərci az qala elə tikintiyə xərclənən qədər olub.
Nə etməli? Hava limanı AZAL-ın idarəçiliyindən çıxarılır, xarici şirkətlərdən birinə (Türkiyə şirkətlərinin buna marağının olduğunu bilirəm) idarəetməyə verilir və ən vacibi: uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan alınır, AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmur.
Nəticədə Lənkəranın hava limanına bir neçə şirkət cəlb olunur, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilir, qiymətlər Bakıdakı hava limanından ən azı iki dəfə ucuz olur.
Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni hökumət siyasi qərarlarla AZAL-a bata bilmirsə, heç olmasa iqtisadi rəqabətlə AZAL-a çəki-düzən versin.
Eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala aeroportlarında, bu il Füzulidə açılacaq hava limanında da təşkil etmək olar. Yəni beynəlxalq rəqabətə qısqanclıqla yanaşan hökumət və AZAL rəhbərliyi heç olmasa daxili rəqabətə imkan yarada bilər. Bu yolla bölgələrdə tikilən, büdcədən ayrılan on milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq”.