UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən Bakının “Neftçi” komandası iyulun 7-si birinci raundun ilk oyununu keçirib. Novator.az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə yerli “Dinamo” ilə üz-üzə gələn bakılılar 2:1 hesablı qələbə qazanıblar.
Cavab oyunu iyulun 14-ü Bakıda olacaq.
Mərhələ keçəcəyi halda bakılılar ikinci raundda (20-28 iyul) Yunanıstandan “Olimpiakos”la görüşəcək.
Birinci mərhələdə ələnəcəyi halda “Neftçi” Konfrans Liqasına köçərək turnirin ikinci raundunda “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütlüyünün məğlubu ilə oynayacaq.
Konfrans Liqasında Azərbaycanın üç komandası var: “Keşlə”, “Qarabağ” və “Sumqayıt”. Onlar turnirə ikinci mərhələdən (22-29 iyul) başlayır. Püşk “Keşlə”yə Rusiyadan “Soçi”ni, “Qarabağ”a İsraildən “Aşdod”u, “Sumqayıt”a Serbiyadan “Çukariçki”ni qismət edib.