2015-ci il sentyabrın 15-dən Azərbaycanda dərman vasitələrinin təsdiqlənən qiymətlərlə satışına başlanıb. Topdan və pərakəndə satış qiymətlərini Tarif (qiymət) Şurası təsdiqləyir. Qiymətləri tənzimlənmiş dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağandır.
Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli yazır ki, Tarif Şurası 12689 adda dərmanın qiymətini (Siyahı) tənzimləyir: “Satışda olan dərman preparatlarının cəmi 68-i yerli istehsaldır. Dərmanın qiymətini hökumət təyin etməməlidir, bu həmişə artıma səbəb olur. İyulun 1-dən Tarif Şurası 247 dərmanın qiymətini 10-40 faiz arası qaldırıb.
Dövlət sosial yanaşma göstərmək istəyirsə, aztəminatlı ailələrə və ya xroniki xəstələrə dərmanı pulsuz verə bilər, verməlidir də. Amma bütün bazarı dövlət tənzimləyəndə ciddi fəsadlar yaranır. Qiymətlər molekullara görə qoyulduğu üçün ölkəyə eyni adda daha ucuz, daha keyfiyyətsiz dərmanlar gətirilir, bu da insan sağlamlığına ciddi zərbə vurur.
Dövlətin qiymət tənzimləməsi inhisarçılığa birbaşa yol açır – məmurlara bağlı dərman şirkətləri üstünlük qazanır, tenderləri onlar udur, ölkəyə onlar dərman gətirirlər.
Tənzimlənən qiymətlər qıtlıq yaradır və nəticədə qiymətlər daha da artır.
Çıxış yolu var. Hökumət ölkədə istehsalı olmayan dərman preparatlarını gömrük rüsumu və əlavə dəyər vergisindən azad etməlidir.
Ölkədə dərman firmalarının daha çox təmsil olunması təşviq edilməli, rəqabətli mühit yaradılmalıdır.
Dövlət ədalətli hakim rolunda çıxış etməli, sosial yönümlü olmalıdır. Dərmanların qeydiyyatı və yoxlanması prosesi şəffaflaşmalıdır”.
2005-ci il dekabrın 26-da yaradılan Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə) və xidmət haqlarına məsul kollegial icra hakimiyyəti orqanıdır. İqtisadiyyat nazirinin sədrlik etdiyi şuraya maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini daxildir.