Arif Hacılı
Müsavat Partiyasının başqanı
İyulun 5-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşı Nəsib bəy Yusifbəylinin doğum günüdür.
Nəsib bəy Yusifbəyli hələ Rusiyanın qüdrətli dövründə bu imperiyanın federal dövlətə çevrilməsi, Azərbaycanın ərazi muxtariyyəti uğrunda çalışır, buna görə çar hakimiyyətinin təqibinə məruz qalırdı.
Azərbaycanın dirçəlməsi, xalqın maariflənməsi üçün mümkün olan bütün işləri görürdü. Jurnalist kimi məqalələr yazır, məktəblərdə müəllimlik edir, Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyur, bu tamaşalarda baş rolları oynayırdı.
Rusiyada, Krımda, Türkiyədə, Gəncədə yaşadığı dövrlərdə siyasi fəaliyyətini daim davam etdirirdi.
Baxçasarayda “Tərcüman” qəzetində çalışırdı, İstanbulda Türk Dərnəyi Cəmiyyətinin üzvü idi.
Gəncədə Türk Ədəmi-Mərkəziyyət Firqəsini yaratmışdı.
Zaqafqaziya Seymində Azərbaycanı təmsil edən 44 nümayəndədən biri idi.
Müsavat Partiyası Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşdikdən sonra daha da güclənib Güney Qafqazın ən güclü partiyasına çevrildi. Bu birləşmədən sonra Nəsib bəy Müsavatın əsas simalarından biri, həm də partiyanın Gəncə şöbəsinin rəhbəri idi.
Azərbaycan Xalq Cümhuriyyətinin əsas sütunlarından olan Nəsib bəy Yusifbəyli dövlətin qorunması üçün ən çətin vəzifələri üzərinə götürürdü. Azərbaycanın xalq maarifi naziri, dini etiqad naziri, maliyyə naziri, daxili işlər naziri vəzifələrini daşımış, cümhuriyyətin ən ağır günlərində Azərbaycan hökumətinə rəhbərlik etmiş, ölkənin baş naziri olmuşdu.
Tutduğu bu yüksək vəzifələrə baxmayaraq bütün həyatını maddi çətinliklər içində yaşamışdı…
Dostlarımız dostlarını yaxşı tanımasa da, düşmənlərimiz düşmənlərini yaxşı tanıyır. Elə bu səbəbdən Nəsib bəy Yusifbəyli cümhuriyyətin süqutundan qısa müddət sonra xaincəsinə qətlə yetirildi.
İndi Azərbaycanın bu böyük dövlət xadiminin məzarı və ya xatirəsinin yad edilməsi üçün toplanacaq xüsusi bir məkan yoxdur. Bu səbəbdən cümhuriyyətimizin 100 illiyində onun xatirəsini son mənzili olan Kür çayına gül dəstələri atmaqla yad elədik…
Azərbaycanımızın mövcudluğuna görə borclu olduğumuz böyük şəxsiyyətlərin, o cümlədən Nəsib bəy Yusifbəylinin əziz xatirəsini xalqımız və Azərbaycanı sevən hər kəs əbədi olaraq minnətdarlıqla anacaq, onların indi qəlbimizdə ucalan abidələri ən böyük meydanlarda da ucalacaq.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb. İşğal 1991-ci ildə – SSRİ-nin dağıldığı il başa çatıb. Həmin il Azərbaycan dövlət müstəqilliyini bərpa edib.
Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub.
2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.