Böyük Britaniyanın “Financial Times” qəzetində “Koronavirusun lambda variantının qeyri-adi mutasiyaları alimlərdə çaşqınlıq yaradıb” adlı məqalə dərc olunub. Məqalənin müəllifləri İngiltərənin London şəhərindən Klayv Kukson, Kolumbiyanın Boqota şəhərindən Gideon Lonqdur. Novator.az saytı məqaləni ingilis dilindən çevirərək təqdim edir.
Koronavirusun ən yeni variantı olan lambda Dünya Səhiyyə Təşkilatının diqqət mərkəzindədir.
Yeni ştam Latın Amerikası ölkələrini təşvişə salıb. Onun qeyri-adi mutasiyaları alimləri çaşqınlıq içində qoyub.
Əvvəlcə C.37 adlandırılan lambda variantı ilk dəfə ötən ilin sonlarında Peruda aşkarlanıb. Hazırda 27 ölkəyə yayılıb. Bu ölkələr içərisində Böyük Britaniya da var.
İngiltərənin İctimai Səhiyyə Xidməti bəyan edib ki, ölkənin müxtəlif yerlərində lambda ştamına yoluxma halları qeydə alınsa da, bu varianta yoluxanların ümumi sayı azdır.
Perunun paytaxtı Lima şəhərində yerləşən Kayetano Heredia Universitetinin molekulyar mikrobiologiya üzrə professoru Pablo Tsukayamanın sözlərinə görə, lambda ştamı ilk dəfə ötən ilin dekabrında aşkarlanarkən hər 200 nümunədən yalnız biri bu ştamın payına düşürdü: “Sonradan vəziyyət pisləşməyə başladı. Mart ayında Limadakı analiz nümunələrinin artıq 50 faizi lambdanın payına düşürdü. İndi isə bu göstərici 80 faizə yaxınlaşıb. Bu statistika lambdanın digər variantlardan daha sürətlə yayıldığını göstərir”.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, lambda ştamı koronavirusdan ölüm səviyyəsinin çox yüksək olduğu Peruda may və iyun aylarındakı yoluxmaların 82 faizini təşkil edib.
Qonşu Çilidə yeni yoluxma hallarının təxminən üçdə biri lambda ştamının payına düşür.
Buna baxmayaraq alimlər lambda variantının daha yoluxucu olub-olmadığı barədə dəqiq fikir bildirməkdə acizdirlər.
“Hazırda lambdanın digər variantlardan daha yoluxucu olduğunu deməyə heç bir əsas yoxdur. Onun yoluxuculuq qabiliyyəti daha yüksək ola bilər. Lakin bunu sübut etmək üçün çoxlu araşdırma aparmaq lazımdır” – Panamerika Səhiyyə Təşkilatının yeni yaranan virus xəstəlikləri üzrə məsləhətçisi Hairo Mendez Riko belə deyib.
İyunda Dünya Səhiyyə Təşkilatı virusun yeddinci variantına lambda adını verib. Təşkilat lambdanı koronavirusun ilk dəfə Böyük Britaniya (alfa), Cənubi Afrika (beta), Braziliya (qamma) və Hindistanda (delta) aşkarlanan ştamları qədər təhlükəli saymasa da, onun daha ətraflı araşdırılmalı olduğunu bəyan edib.
Dünya Səhiyyə Təşkilatının açıqlamasından bir həftə sonra – iyunun 23-də İngiltərənin İctimai Səhiyyə Xidməti lambdanı araşdırma altında olan variant elan edib. Xidmət bu qərarını yoluxmanın beynəlxalq səviyyədə genişlənməsi və bir neçə qeyri-adi mutasiyanın qeydə alınması ilə əlaqələndirib.
İngiltərənin İctimai Səhiyyə Xidməti lambdanın daha yoluxucu olması və peyvəndlərə müqavimət göstərməsi barədə heç bir sübutun olmadığını vurğulayıb.
Böyük Britaniyanın Senqer İnstitutunun COVİD-19 genomikası təşəbbüsünün direktoru Ceff Barrett deyib: “Digər variantlarla müqayisədə lambdanın mutasiyaları qeyri-adi olduğuna görə statistika və laboratoriya məlumatları bu variantın yaratdığı təhlükələr barədə əsaslı fikir söyləməyə kifayət etmir”.
Barrett həmçinin bildirib ki, Latın Amerikası ölkələrində genetik sekvenirləşmə vasitələrinin olmaması lambdanın regiondakı yoluxma hallarına necə təsir etdiyini öyrənməyi çətinləşdirib.
Lambdanın araşdırılması zamanı məlum olub ki, onun peplomerində (virusun insan orqanizmindəki hüceyrələrə yoluxmaq üçün istifadə etdiyi zülal) yeddi unikal mutasiya mövcuddur. Tədqiqatçılar xüsusilə L452Q adlandırılan mutasiya sarıdan narahatdırlar. Bu mutasiya delta variantının yoluxuculuq qabiliyyətinin ən yüksək səviyyəyə çatmasına səbəb olan L452R mutasiyasına bənzəyir.
Santyaqoda yerləşən Çili Universitetinin professoru Monika Asevedo və digər mütəxəssislər lambda variantı ilə bağlı araşdırma aparıblar. Onlar Çinin “CoronaVac” peyvəndinin hər iki dozasını vurdurmuş tibb işçilərinin qan nümunələrindən istifadə etməklə lambdanın virusun ümumi yoluxuculuq qabiliyyətinə necə təsir etdiyini öyrəniblər. Nəticələr lambdanın qamma və alfa variantlarından daha yoluxucu olduğunu və peyvəndin yaratdığı antitellərdən daha yaxşı yayına bildiyini göstərib.
Beləliklə, Çili alimlərinin tədqiqatı ilk dəfə olaraq lambda peplomerindəki mutasiyaların antitelləri neytrallaşdırdığını və yoluxuculuğu artırdığını təsdiqləyib.
Qamma variantı ucbatından koronavirus infeksiyasının geniş vüsət aldığı Braziliyanın Portu-Aleqri şəhərində yerləşən bir xəstəxanada tədqiqat qrupu lambda variantına yoluxan pasiyent üzərində tədqiqat aparıb.
Tədqiqat qrupunun dərc etdirdiyi məqalədə bildirilib: “Lambdanın Peru, Ekvador, Çili və Argentinada sürətlə yayıldığını nəzərə alsaq, onu ciddi narahatlıq doğuran variant hesab etmək olar”.
Latın Amerikası dünyada pandemiyanın ən iflic vəziyyətə saldığı bir regiondur. Dünya əhalisinin yalnız 8 faizi bu regionun payına düşdüyü halda koronavirusa yoluxma hallarının 20 faizi burada qeydə alınıb.
Son həftələrdə Kolumbiya, Paraqvay və Uruqvayda yoluxma hallarında kəskin artım müşahidə olunub.
“Şimal yarımkürəsində yerləşən ölkələrdə yoluxma halları bir qədər səngisə də, regionumuzun əksər ölkəsi üçün pandemiyanın başa çatacağı tarixin hələ çox uzaqda olduğunu düşünürəm” – bu fikirləri Panamerika Səhiyyə Təşkilatının direktoru Karissa Etien səsləndirib.
O, Kolumbiya, Braziliya, Boliviya, Uruqvay və digər ölkələrdə yoluxma hallarının davam etdiyini və xəstəxanalarda reanimasiya şöbələrinin genişləndirilməsi üçün tədbirlər görüldüyünü deyib: “Regiondakı acınacaqlı vəziyyətə baxmayaraq, Latın Amerikası və Karib hövzəsi ölkələrində hər 10 insandan yalnız biri koronavirus əleyhinə tam peyvənd olunub. Bu göstərici həqiqətən də ağlasığmazdır”.
Klayv Kukson,
London, İngiltərə
Gideon Lonq,
Boqota, Kolumbiya
Mənbə: Ft.com