ABŞ-ın “Nyu-York Post” qəzetində “Putin xarici sosial şəbəkələri Rusiyada ofis açmağa məcbur edir” başlıqlı məqalə dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, iyulun 1-də Rusiya prezidenti Vladimir Putin ölkədə internet vasitəsilə fəaliyyət göstərən xarici sosial şəbəkələr haqqında qanun imzalayıb. Yeni qanunda xarici platformalardan Rusiyada ofis açmaq tələb olunur, bunu etməyən sosial şəbəkəni isə sərt sanksiyalar gözləyir.
Məqalədə “Facebook” və “Twitter” kimi sosial şəbəkələrə rəhbərliyi həyata keçirən şirkətlərin Rusiyada ofislərinin olmadığı bildirilir. Eyni zamanda qeyd edilir ki, belə şirkətlərin Rusiyada ofis açmaq, hansısa biznes strukturu qurmaq niyyəti də yoxdur. Putinin imzaladığı qanun isə bu cür texnologiya nəhənglərinə iri cərimələrin kəsilməsinə, onların fəaliyyətinə məhdudiyyətlərin qoyulmasına imkan yaradır.
Rusiya parlamentinin aşağı palatasının informasiya siyasəti və informasiya texnologiyaları komitəsinin sədri Aleksandr Xinşteyn bəyan edib ki, yeni qanun Rusiyada gündəlik 500 min və ya daha çox istifadəçisi olan istənilən sosial şəbəkəyə şamil olunacaq.
Rusiyanın rəsmi media orqanlarının məlumatına görə, qanun ümumilikdə pərakəndə satış və elektron kommersiya firmaları da daxil olmaqla, 20 xarici şirkəti əhatə edəcək.
“Nyu-York Post” yazır ki, Vladimir Putinin ABŞ prezidenti Cozef Bydenlə görüşəndən iki həftə sonra xeyir-dua verdiyi bu qanun əslində birbaşa Amerikanın sosial media şirkətlərini hədəfə almış mübarizənin bir hissəsidir və bu mübarizənin daha da genişləndirilməsi deməkdir.
“Nyu-York Post” xatırladır ki, mart ayında Putin hökuməti “Twitter”i uşaq pornoqrafiyasını və intiharı təbliğ edən postları şəbəkədən silmək istiqamətində yetərincə iş görməməkdə günahlandırıb. Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor” cəza tədbiri kimi “Twitter”in internet trafikinin sürətini aşağı salıb, may ayında isə onu tam bloklamaqla hədələyib.
İyul ayının sonuna isə Rusiyada “Twitter”, “Facebook”, “Google” və “Telegram” platformalarına qarşı məhkəmə dinləmələri təyin olunub. Yeni ittihamlara görə, bu şəbəkələr qanunsuz məzmunları vaxtında silə bilməyib.
“Nyu-York Post”un məqaləsində vurğulanır ki, hazırda Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı və Kremlin onun kimi başqa düşmənləri etiraz aksiyaları təşkil edərkən, yaxud hakim dairələrin korrupsiya əməllərini ifşa edərkən daima xarici sosial mediadan yararlanıblar və bu, həmişə Putin hökumətini narahat edib. Yəni Rusiyada qəbul olunan yeni qanunun siyasi motivlərə söykənmədiyini düşünmək mümkün deyil.
Mənbə: Nypost.com