Kanadanın “Global News” kanalının internet səhifəsində mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkətinin keçirdiyi yeni sorğunun nəticələri dərc olunub.
Novator.az-ın məlumatına görə, sorğuda koronavirus pandemiyası dövründə valideynlərin onlayn təhsilə münasibəti öyrənilib.
Xüsusi olaraq “Global News” kanalı üçün keçirilən, iyunun 11-dən 14-dək mindən çox kanadalı arasında aparılan sorğu zamanı rəyi soruşulan valideynlərin yalnız 41%-i onlayn tədrisin övladlarına faydalı olduğunu bildirib.
Valideynlərin 60%-i uşaqlarının onlayn tədris səbəbindən təhsildə gerilədiyini deyib.
Respondentlərin 67%-i əyani təhsildəki natamamlığın və fasilələrin uşaqların gələcəyinə mənfi təsir göstərəcəyini vurğulayıb.
Valideynlərin 69%-i onlayn təhsilin uşaqların psixoloji sağlamlığına pis təsir göstərdiyini də söyləyib.
Ancaq “İpsos” ekspertləri qeyd ediblər ki, əslində pandemiyanın psixoloji sağlamlığa təsirini dəyərləndirmək üçün illərlə vaxt lazımdır.
Sorğu göstərib ki, atalarla müqayisədə analar əyani təhsilə daha üstünlük verirlər. Qadınların 45%-i, kişilərin isə 34%-i koronavirus pandemiyası dövründə əyani təhsilin tərəfdarıdır.
Ekspertlərin fikrincə, analar uşaqlarının qayğıları ilə daha çox məşğul olduqlarına görə övladlarının dərsi məktəbdə keçməsini atalardan çox arzulayırlar.
Sorğu onlayn təhsilə münasibətlə valideynlərin illik qazancı arasında müəyyən dərəcədə asılılıq olduğunu da üzə çıxıb.
İllik gəliri 100 min dollaradək olan valideynlərin 86%-i uşaqların məktəbə qayıtması fikrini tam dəstəkləyib. İllik qazancı 40 min dollaradək olan valideynlər arasında bu ideyanı dəstəkləyənlərin sayı 77% faiz olub.
Sorğuya qatılan valideynlərin 63%-i hesab edir ki, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyətin necəliyindən asılı olmayaraq uşaqlar payızda məktəbə qayıtmalıdırlar.
Bununla belə, uşaqlarını payızda məktəbə getmək üçün qeydiyyatdan keçirmiş valideynlərin 75%-i hər ehtimala qarşı onlayn tədrisi mümkün variantlardan biri kimi saxlamağı da təklif edib.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 945 mindən çox adamın ölümünə səbəb olub.
Əhalisinin sayı 38 milyon nəfər olan Kanadada bu infeksiyaya 1 milyon 414 mindən çox adam yoluxub, onların 26 mindən çoxu vəfat edib.
Mənbə: Globalnews.ca