Novator.az Cinayət Məcəlləsində şərti məhkum etmə qaydalarına nəzər salıb.
Məcəllənin 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmənin həmin cəzanın şərti tətbiqi haqqında qərar çıxarmaq hüququ var.
Şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək sınaq müddəti müəyyən olunur. Bu zaman əlavə cəzaların təyin edilməsi də mümkündür.
Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə bu vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək.
Məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələrin də qoyulmasına yol verilir.
Sınaq müddəti ərzində məhkəmə məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Bu zaman şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsas götürülür.
71-ci maddə məhkəməyə sınaq müddətinin azı yarısı keçdikdən sonra məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğvi barədə qərar qəbul etmək hüququ verir. Belə durumda məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etmək, şəxsin məhkumluğunun götürülməsi də mümkündür.
Şərti məhkum edilmiş şəxs məhkəmədə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə məhkəmə dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.
Şəxs sınaq müddətində məhkəmədə üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğvi və hökmlə təyin olunmuş cəzanın icrası haqqında qərar çıxarır.
Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə şərti məhkum etmənin ləğvi və ya saxlanması barədə məsələni məhkəmə həll edir. Məhkəmə şərti məhkum etmənin ləğvi qənaətinə gəldikdə şəxsə Cinayət Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunur.
Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə məhkəmə şərti məhkum etməni ləğv edir və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza verir.
67-ci maddə hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsini tənzimləyir. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təyin edilmiş və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
Təyin edilmiş azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti maksimum 25 il ola bilər.
Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.