Arif Hacılı
Müsavat Partiyasının başqanı
İyunun 22-də faşist ordusunun sovet imperiyasına qarşı müharibəyə başlamasının 80 ili tamam oldu. Kansler Angela Merkel faşist Almaniyasının bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə rəhbərlik etdiyi dövlət adından dünya xalqlarından üzr istədi.
Bolşevik Rusiyasının, SSRİ imperiyasının ilk növbədə bu dövlətin ərazisində yaşamış xalqlara qarşı cinayətləri faşist Almaniyasının törətdiyi cinayətlərdən qat-qat çox olsa da, Kremldən nə bir üzrxahlıq görmüşük, nə də azı 100 milyonadək insanın fiziki məhvinə səbəb olan bolşevizmə görə peşmançılıq ifadə edilməsinin şahidi olmuşuq. Əksinə, qanlı bolşevizm dövrü sovet imperiyasının çiçəklənməsi adı ilə indi də tərənnüm edilir.
…Almaniya İkinci Dünya müharibəsində ağır məğlubiyyətə uğrasa da, alman xalqı faşizmdən xilas oldu, inkişaf etdi, yenidən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrildi.
Faşizm üzərində möhtəşəm qələbəyə nail olan sovet xalqları isə bolşevizmdən xilas ola bilməyərək hələ uzun illər qan içində boğuldu, aclığa, yoxsulluğa, köləliyə məhkum edildi.
Göz önündə olan nəticələr budur ki, güclü dövlətin, inkişaf etmiş rifah cəmiyyətinin qurulması üçün ölkə daxilində azad, demokratik cəmiyyətin qurulması, müharibələrdə qazanılmış ən böyük qələbələrdən daha mühümdür.
Tarixi yalnız bilmək üçün yox, həm də nəticə çıxarmaq üçün öyrənmək lazımdır.