Prezident İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos Ağdam səfərindən söz açıb: “Mən bir növ qarışıq hisslər keçirirəm. Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir”.
İlham Əliyev qeyd edib ki, müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirib: “Bir aydan da az vaxtda yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu.
Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyil, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar. Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülüb, daşlar aparılıb. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, – siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz, – Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə başlanıb. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında Füzuli, Cəbrayıl və Ağdamı, dekabr ayında Zəngilan və Qubadlını, 2021-ci ilin yanvarında Füzuli və Şuşanı, fevralında Füzuli, Zəngilan, Laçın və Cəbrayılı, martında Füzuli, Xocavənd və Şuşanı, aprelində Cəbrayıl və Zəngilanı, mayında Şuşanı və Ağdamı, iyununda Füzulini və Şuşanı ziyarət edib.
Ağdama 28 may 2021-ci il səfərində prezidentə şəhərin baş planı təqdim olunub, dövlət başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasiminə qatılıb.
İşğaldan azad olunmuş ərazilər prezidentin xüsusi nümayəndəlikləri vasitəsilə idarə olunacaq.
İlk nümayəndə yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Kərimov. İkinci nümayəndə mayın 24-də Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə (Ağdam şəhəri daxil olmaqla) təyinat alıb: Emin Hüseynov.