İyunun 22-də Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi üzrə yeni qərar verib. Qərara görə, iyulun 1-dən koronavirus pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin birinci doza peyvənd olunması və ya immunitet sertifikatına malik olması, avqustun 1-dən isə koronavirus pasportunun olması tələb olunur.
Başqa bir yeniliyə əsasən, iyulun 1-dən bu tələblərə riayət etməklə şənlik mərasimlərinə (toy, nişan, ad günləri və s.) icazə verilir:
qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;
50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün koronavirus pasportunun təqdim olunması tələb olunmur;
50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən, yaşı 18-dən yuxarı bütün qonaqların koronavirusa qarşı tam peyvənd olmaları və ya koronavirusdan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) müvafiq tələblərə cavab verməlidir;
şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;
şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları İcaze.e-gov.az portalına daxil etməlidir;
şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalı və İcaze.e-gov.az portalına daxil edilməlidir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 888,8 mindən çox adamın ölümünə səbəb olub. Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Son milli hesabata görə, 335521 nəfər koronavirusa yoluxub, onların 4963-ü dünyasını dəyişib.
Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən hökm sürür. Toylara həmin il martın 16-dan qadağa qoyulub.
Ölkə ərazisinə giriş-çıxış, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu məhdudlaşıb, dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, istirahət və əyləncə məkanlarının fəaliyyəti, muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların fəaliyyəti, masaj və hamam xidmətlərinin göstərilməsi, şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti yasaqlanıb.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son rəsmi məlumata görə, 1 milyon nəfərdən çox şəxs peyvəndlənmə prosesini bitirib.
Azərbaycanda koronavirus pasportu iki sertifikatdan ibarətdir. Peyvənd sertifikatı vaksinin hər iki dozasını alan şəxslərə, immunitet sertifikatı xəstələnib sağalmış şəxslərə verilir.