ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Bayden və Ərdoğan S-400 sistemi ilə bağlı razılığa gəlməyiblər” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Selcan Hacaoğludur. Novator.az saytı məqaləni ingilscədən çevirərək təqdim edir.
ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan iyunun 14-ü Belçikanın paytaxtı Brüsseldə keçirdikləri görüşdə Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə sistemi ilə bağlı razılığa gələ bilməyiblər. Bunu mediaya ABŞ prezidentinin milli təhlükəsilik üzrə müşaviri Cek Sallivan açıqlayıb.
Sallivan deyib: “Prezidentlər iyunun 14-ü NATO sammiti çərçivəsində keçirdikləri təkbətək görüşdə S-400 raket sistemini müzakirə ediblər. Ancaq problem həllini tapmayıb”.
Bununla belə Cek Sallivan ABŞ və Türkiyə prezidentlərinin məsələ ilə bağlı danışıqların davam etdirilməsinə, problemin həlli məqsədilə əlaqə kanallarının açıq saxlanmasına qərar verdiklərini də vurğulayıb.
ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün Ankaradan Rusiya raketlərindən imtina etməyi tələb edir. Türkiyə razılaşmır. Baydenlə görüşdən sonra Ərdoğan Türkiyənin mövqeyinin dəyişməz qaldığını bəyan edib.
Cek Sallivan 14 iyun görüşündə ABŞ və Türkiyənin S-400 sistemi ilə bağlı dialoqu davam etdirmək öhdəliyi götürdüyünü və hər iki ölkədən olan komandanın görüşün nəticələrini izləyəcəyəni söyləyib.
ABŞ ehtiyat edir ki, S-400 sistemindən F-35 qırıcısının imkanları barədə kəşfiyyat məlumatı toplamaq məqsədilə istifadə oluna bilər.
F-35 qırıcısının hazırlanması üzrə proqramda ABŞ başqa olmaqla bir neçə NATO ölkəsi, o cümlədən Türkiyə iştirak edib. Ancaq Türkiyə Rusiyadan S-400 sistemini alandan sonra Vaşinqton Ankaranı F-35 qırıcısının istehsalı proqramından uzaqlaşdırıb.
ABŞ eyni motivlə Türkiyəyə “Patriot” raketdən müdafiə sistemini satmaqdan da imtina edib.
Ərdoğan Türkiyənin həm F-35 proqramından kənarlaşdırılmasına, həm də onun ölkəsinə “Patriot” sistemi satmaqdan imtina olunmasına görə ABŞ-ı tənqid edib.
Kabil aeroportu
Baydenin ABŞ prezidenti postunu tutandan sonra Ərdoğanla keçirdiyi ilk görüş fikir ayrılıqlarının aradan qalxmasına təkan verməsə də, prezidentlər Əfqanıstanda qarşılıqlı etimadı möhkəmləndirəcək əməkdaşlığı davam etdirmək yoluna sadiq qalırlar.
Cek Sallivanın sözlərinə görə, Bayden Kabil hava limanını dirçəlməkdə olan “Taliban” qruplaşmasından qorumaq üçün ABŞ-ın Türkiyəyə dəstək verəcəyini vəd edib: “Liderlər Hamid Karzai adına Kabil Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmin olunması üçün Türkiyənin aparıcı roluna dair dəqiq öhdəlik götürüblər və indi biz bu istiqamətdə atmalı olduğumuz addımlar üzərində işləyirik”.
Gələn ay ABŞ Əfqanıstandan qoşunlarının qalan hissəsini də çıxaracaq. Bundan sonra Kabil hava limanının mühafizəsində aparıcı rolu Türkiyə qoşunları oynayacaq. Ona görə də Ərdoğan ABŞ-dan bu işin maliyyə və təhlükəsizlik tərəfi ilə bağlı məsuliyyəti bölüşməsini istəyib. Aeroportun mühafizəsi isə ABŞ üçün taleyüklü məsələdir, çünki Vaşinqton Kabildə diplomatik varlığını qorumaq fikrindədir. Cek Sallivanın sözlərinə görə, prezident Bayden Ərdoğanın Kabil aeroportu ilə bağlı dəstək xahişini qəbul edib, bu dəstəyin yaxın vaxtda reallaşacağına söz verib.
Təkcə son 20 ildəki ən uzun müharibəsini başa çatdırmaqda olan ABŞ üçün yox, Əfqanıstanda diplomatik və strateji varlığını qorumaq istəyən istənilən ölkə üçün Kabil hava limanı vacib məkandır. Xatırlatmaq yerinə düşər ki, Avstraliya ötən ay Kabildəki səfirliyini məhz getdikcə qeyri-stabil vəziyyətin yaranması, təhlükənin artması səbəbindən bağlayıb.
Selcan Hacaoğlu
Mənbə: Bloomberg.com