Səidə Hüseynova
Sinif yoldaşlarımı bir yerə toplamağı, onlarla görüşməyi çoxdan istəyirdim. Hərdən bunun sadəcə bir arzu olduğunu düşünüb həvəsdən düşürdüm. Ancaq görüş səhnəmiz gözümdə canlananda hisslərim məni rahat buraxmırdı.
Nəhayət, qollarımı çırmalayıb sinif yoldaşlarımın axtarışına çıxdım. İnternet dövründə adam tapmaq o qədər də çətin deyil. Sosial şəbəkələrdə əvvəlcə oğlanları tapdım. Məlum oldu ki, bəziləri ünsiyyət saxlayır, hətta Şirvanda (Əlibayramlıda) tez-tez görüşürlər.
10-cu sinfi bitirəndə 39 nəfər idik: 15 oğlan, 24 qız. Bu 35 ildə bir oğlanımızı, iki qızımızı itirmişik. İki qızın ölümündən xəbərim olmayıb. Onların vaxtsız ölümü məni çox sarsıtdı.
Belə ölüm-itim dünyasında növbəti itkini yaşamadan görüşməyin vacib olduğunu bir daha anladım.
“Facebook”da tapdığım oğlanlardan telefon nömrələrini aldım və onlardan qızları aramaqda kömək istədim. Oğlanların yığışacağına əmin idim, çünki onsuz da görüşürlərmiş. Ancaq qızların bir yerə yığışa biləcəyinə inamım çox deyildi. Fikirləşirdim hamısının başı ailəsinə qarışıb, kimdir sinif yoldaşı ilə görüşə həvəs göstərən…
Ancaq bu istək hamının ürəyindən keçirmiş.
Qızlardan birini tapmaq kifayət elədi. Beş-altı günün içində 10 qızın nömrəsini tapdıq, “Vatsap”da qrup yaratdıq. Görüşmək, bir yerə toplaşmaq təklifini hamı bir ağızdan sevə-sevə qəbul etdi. Özü də tez bir zamanda görüşmək istədilər.
Tapışmağımızdan beş gün keçməmiş iyunun 20-nə görüş təyin etdik. Oğlanlarımızla danışdım, onlar da təklifə böyük dəstək verdilər, restoran danışmağa hazır olduqlarını dedilər.
O qədər səbirsizlənirdik ki, görüşə bilməyəcəyimiz qorxusu hamını bürümüşdü.
Oğlanlarımız sinif rəhbərimiz olmuş, bizə fizikadan dərs demiş Eyyub müəllimi də dəvət edəcəklərini bildirdilər. Əvvəllər toplaşanda da Eyyub müəllimi dəvət edirmişlər. Görüşdə Eyyub müəllimin də iştirak edəcəyini biləndə sevincimiz artdı.
İyunun 20-ni həyəcanla gözlədik.
Məktəbimizdə müəllimə işləyən qızlarımız var. Təsərrüfat müdiri ilə danışıb fizika otağımızı açdırmağa nail oldular.
Və o gün gəldi. Biz görüşdük, 35 ildən sonra. Bu görüşə hamı qatıla bilməsə də, çox uşaq gəlmişdi. Masallıdan gələn qızımız da, mən qarışıq Bakıdan gələn də.
Eyyub müəllim bizi vaxtilə dərs dediyi fizika otağına topladı, 35 il əvvəldə olduğu kimi. Dərsə hazır olub-olmadığımızı soruşdu. Gülüşdük.
Bir vaxt Eyyub müəllimin zəhmi qarşısında qorxub çəkinən o uşaqlar çox sərbəst idilər indi. Çünki nəticə sahibi olan Eyyub müəllimin qarşısında 35 ildə həyatdan çox dərs almış ata-ana, nənə-baba vardı. Heç o zəhmli gözlərdən də əsər-əlamət qalmamışdı.
1980-ci illərdə bizə “Vaxt gələcək simsiz rabitə olacaq” deyən Eyyub müəllimin qarşısında əlində ən müasir mobil telefonlar tutmuş şagirdləri dayanmışdı.
Bizə yuxu kimi gələn anlar yaşayırdıq. Səs-küylü sinif otağı, sevincdən ürəyi atlanan uşaqlar. Elə bil nağıllar aləminə düşmüşdük.
Fizika otağında şəkillər, videolar çəkildi. Sonra restorana yollandıq.
Söhbətlərimiz, keçmiş xatirələrimiz, bir-birimizdən ailə-uşaq, iş-güc barədə hal-əhval tutmağımız restorandakı zamana sığışmadı. İlahi, danışılası nə qədər sözümüz varmış… Bu 35 ildə yaşadıqlarımızı dörd-beş saatda necə bölüşə bilərdik? Buna heç bir həftə də yetməzdi.
Eyyub müəllim məclisi bir az tez tərk etdi. Bəlkə də bizim bir az müəllimsiz vaxt keçirməyimizi istədi. Gedərkən özünü çox xoşbəxt hiss etdiyini, belə görüşləri növbəti illərdə də keçirməyimizi arzuladığını bildirdi. Biz də ona cansağlığı arzulayıb yenə görüşəcəyimizi vəd etdik.
Çay məclisində sinif oğlanlarımızın xüsusi hazırlatdığı, üzərində “1986-2021”, “35 il”, “10 a” yazılmış tort süfrəyə gəldi. Bu tortu kəsib paylaşarkən sanki 35 illik ağrı-acımızı, sevincimizi, kədərimizi, göz yaşımızı bölüşdük. Bu tortun xəmiri neçə-neçə övlad, nəvə sevincindən, qardaş, ata-ana itkisindən yoğrulmuşdu. Amma hamı bu görüşə dərd-sərini, problemlərini, qayğılarını evində buraxıb gəlmişdi. Çünki bu, elə-belə görüş deyildi. Bu görüşün hər anında 35 ilin həsrəti vardı.
Nəhayət, tarixi görüşümüz başa çatdı, ayrılmaq vaxtı gəldi. Gələn dəfə qalan sinif yoldaşlarımızı da toplamağa söz verdik.
Bir daha belə toplaşa biləcəyikmi? Bilmirik. Ancaq bir-birimizdən bu ümidlə ayrıldıq.
Gələn görüşlərədək, dostlar. İnşallah, bu, son olmasın!