Siyasətçi Tofiq Yaqublunun anası ağır xəstələnib. Ev dustağı olduğu üçün Tofiq Yaqublu Gürcüstana gedib anasını ziyarət edə bilmir. Novator.az-ın məlumatına görə, siyasətçinin qızı Nigar Həzi iyunun 18-də özünün “Facebook” səhifəsində yazır ki, nənəsinə baş çəkmək məqsədilə həyat yoldaşı Seymur Həzi ilə birgə Gürcüstana yollanmaq istəyir, ancaq problemlə üzləşib: “Azərbaycan Hava Yolları”nın (AZAL) struktur bölməsi olan “Buta Airways” şirkəti bizə təyyarə bileti satmır. İnternetlə bilet ala bilmirəm. Dörd-beş gün qabaq “Expressbank”da olan hesabımla iyunun 21-nə Gürcüstanın paytaxtı Tbilisiyə bilet almaq istədim, ancaq mümkün olmadı. Adımızı ya aviaşirkət, ya da bank xüsusi işarələnmiş kimi qeyd edir.
Aviakassada işləyən tanışımdan bizə bilet almasını istədim. O da bilet ala bilmir. Hiss edirəm ki, bizimlə bağlı xüsusi tapşırıq var və yuxarıdan təsdiq gözləyirlər”.
1961-ci ildə Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılıb. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – 2020-ci il sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayəti üzrə yekun qərar çıxarmayıb. Siyasətçi bəraət istəyir.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.