Böyük Britaniyanın “The Economist” jurnalında əməkdaşların evdən işləməsinin məhsuldarlığa təsiri haqda yazı dərc olunub.
Novator.az-ın məlumatına görə, “İşçilər ofisə qayıdacaqmı?” başlıqlı yazıda qeyd olunur ki, pandemiya dövründə bəzi ofis əməkdaşları evdən daha məhsuldar çalışdıqlarını deyirlər.
Yazıda bildirilir ki, koronavirus infeksiyasına yoluxmalar azalandan və dünyada iqtisadiyyatlar açılmağa başlanandan bir çox şirkət iş rejimi ilə bağlı seçim qarşısında qalıb: işçilər ofisə qayıtsınlar, yoxsa evdən işləməyə davam etsinlər?
ABŞ-ın “Morning Consult” şirkətinin bu yaxınlarda apardığı sorğu göstərib ki, pandemiyaya görə evdən işləyən amerikalıların 87%-i həyat öz axarına düşəndən sonra həftənin ən azı bir günü yenə evdən işləmək istəyir.
Ancaq şirkətlərin rəhbərləri arasında işçilərin evdən çalışmasına münasibət fərqlidir.
Mərkəzi ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən “Goldman Sachs” bankının rəhbəri ofisdən kənarda görülən iş rejimini “normadan yayınma” sayır. O, bankın ABŞ-da fəaliyyət göstərən əməkdaşlarının hamısının tezliklə iş yerinə qayıdacağına ümid edir.
ABŞ-ın “Google” şirkətinin rəhbəri Sundar Piçai də əməkdaşların ofis rejiminə qayıtmasına tərəfdardır. O, “Google” şirkətinin sentyabr ayınadək mərhələli şəkildə məsafədən çalışma üsulundan əsasən imtina edəcəyini açıqlayıb. Sentyabrdan sonra Sundar Piçai personala həftənin iki günü evdən işləməyə icazə veriləcəyini söyləyib.
ABŞ-ın “Facebook” və “Twitter” kimi digər texnologiya şirkətləri daima evdən işləmək istəyən əməkdaşlara belə bir imkan yaradılacağını bəyan edib. Bu şirkətlərdə kənardan işləmək əməkdaşların seçimindən, onların öz fəaliyyətlərini hansı iş rejimində daha məhsuldar hiss etməsindən asılı olacaq.
“The Economist” jurnalı yazır ki, COVİD-19 pandemiyası başlanandan bəri tədqiqatçılar insanların evdən məhsuldar işləyib-işləmədiklərini öyrənmək üçün müxtəlif sorğular keçiriblər.
Son bir ildə dünyanın doqquz ən varlı ölkəsində keçirilmiş sorğuların nəticələrini toplayan “The Economist” qeyd edir: “Nəticələr göstərir ki, əməkdaşların əksəriyyəti qeyri-ofis şəraitində çalışmağın onların gördüyü işin məhsuldarlığına mənfi təsir etmədiyi, bəziləri isə hətta bu metodun onların əmək məhsuldarlığını artırdığı qənaətindədir”.
Lakin “The Economist” onu da vurğulayır ki, sorğularda verilən cavabları şərh edərkən diqqətli olmaq lazımdır. Çünki insanlar öz iş məhsuldarlıqları barədə çox nikbin fikir formalaşdırmağa meylli ola bilərlər. Onlar evdən işləməyi xoşladıqlarından və ya başqa səbəblərdən qeyri-ofis şəraitində fəaliyyəti lazım olduğundan artıq tərifləyə bilərlər.
“Morning Consult”un bu ilin martında keçirdiyi sorğu zamanı respondentlərin yarıya qədəri evdən işləməyin sərfəli olduğunu bildirmişdi. Onlar bununla vaxta və pula qənaət etdiklərini qeyd etmişdilər.
İşəgötürənlər arasında aparılan sorğular isə evdən işləyənlərin fəaliyyətində hansısa məhsuldarlığın nəzərə çarpmadığını göstərir.
Tədqiqatçılar işçilərlə işəgötürənlər arasında keçirilən sorğularda ortaya çıxan fərqli nəticələri düzgün qiymətləndirə bilmək üçün məhsuldarlığı dəqiq ölçməyə çalışıblar.
ABŞ-ın Çikaqo və Böyük Britaniyanın Esseksa universitetlərinin alimləri bu məqsədlə əməkdaşların işə sərf etdikləri vaxtı, habelə tapşırılan işin müqabilində görülən işin həcmini hesablayıblar. İşçilərin pandemiyaya qədər və pandemiya dövründəki məhsuldarlığını müqayisə edərkən alimlər bədbin nəticələrlə qarşılaşıblar. Aydın olub ki, qeyri-ofis iş rejiminə keçdikdən sonra iş saatı 30% artıb, istehsal həcmi isə faktiki əvvəlki kimi qalıb.
Eyni üsulla hesablama aparan ABŞ-ın Harvard Universitetinin iqtisadçıları isə fərqli nəticə ortaya çıxarıblar. Onlar pərakəndə satışla məşğul olan mərkəzdən daxil olan məlumatları araşdırarkən evdən işləməyin məhsuldarlığı artırdığını aşkarlayıblar.
Araşdırmalar onu da göstərib ki, bəzən əməkdaşlara uzaqdan işləmək imkanın verilməsi işdən yayınmağa meylli olan qeyri-məhsuldar əməkdaşların işə qəbul edilməsi hallarına gətirib çıxarır.
“The Economist” evdən işləməyin məhsuldarlığa təsirini dəqiqləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu vurğulayır. Jurnal qeyd edir ki, bu istiqamətdə çoxlu eksperimentin aparılacağı gözlənir, “Google”un tətbiq edəcəyi həftədə iki dəfə evdən işləmək modeli buna bir misaldır.
“The Economist” hesab edir ki, eksperiment aparan şirkətlərin üzləşəcəyi nəticələr başqa şirkətlərə də evdən işləməyin məhsuldarlığa necə təsir etdiyini bilməyə imkan yaradacaq.
Vaxt ötdükcə bütün bunlar müəssisələrin və iqtisadçıların hansı iş üsulunun sərfəli olduğunu dəqiq müəyyən edə bilməsi ilə yekunlaşacaq.
Mənbə: Economist.com