Müsavat başqanı Arif Hacılı mərhum siyasətçi İbrahim İbrahimlidən yazıb: “Uzun illər siyasət meydanında birlikdə mübarizə apardığımız, zindanda kamera yoldaşımız olan dostumuz İbrahim İbrahimlinin vəfatı xəbərinə çox üzüldüm. İbrahim bəy milli azadlıq hərəkatının öncüllərindən biri, daim mübarizənin önündə olan fədakar vətənsevərlərdən idi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”.
AXCP sədri Əli Kərimli qeyd edir ki, İbrahim İbrahimli həyatının 33 ilini Azərbaycanın istiqlalı və azərbaycanlıların səadəti uğrunda mübarizəyə sərf edib, cəsarəti, fədakarlığı, prinsipiallığı ilə həmişə nümunə olub: “Azərbaycan xalq hərəkatı, demokratik qüvvələr daha bir dürüstlük, cəsarət, mübarizə simvolunu itirdi. İtkimiz çox böyükdür”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn İbrahim İbrahimlini ölkənin ən yeni tarixinin tanınmış simalarından, istiqlal və hürriyyət uğrunda milli davanın və bu davanın təşkilatı Azərbaycan Xalq Cəbhəsinin görkəmli xadimlərindən biri adlandırır: “İstiqlalçı millət vəkili İbrahim İbrahimlinin adı və xatirəsi Azərbaycan tarixində və gələcək nəsillərin qəlbində əbədi olaraq yaşayacaq!”
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu yazır ki, İbrahim İbrahimli dəfələrlə həbs olunaraq ağır işgəncələrə məruz qalmış, siyasi məhbus həyatı yaşamışdı: “Rejim daim maddi sıxıntılar çəkən İbrahim bəyə deputatlığa görə təqaüd kəsilməsinə də icazə vermədi”.
Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış siyasətçi İbrahim İbrahimlinin vəfat etdiyi iyunun 16-da açıqlanıb.
Novator.az bildirir ki, milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindən olan İbrahim İbrahimli 1990-1995-ci illərdə parlamentdə təmsil edilib. Azərbaycan Xalq Cəbhəsi (AXC) İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini postlarını tutub, Müsavat Partiyasının rəhbərliyində yer alıb. 2003-2005-ci illərdə həbsdə yatıb. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü idi.
2021-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 30 ili tamam olur. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Dövlət müstəqilliyinə aid daha bir gün var. 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb. İstiqlalçı deputatlar kimi tanınan həmin şəxslərin biri İbrahim İbrahimlidir.
İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Heydər Əliyev, İsgəndər Həmidov, İsmayıl Şıxlı, Məmməd Xələfov, Məryəm Həsənova, Mürşüd Məmmədli, Tofiq Bağırov, Tofiq Qasımov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu da dünyalarını dəyişiblər.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.