İyunun 16-sı ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır ki, bu görüşü kənardan ən çox izləyənlərdən biri Ukrayna olacaq: “Ukrayna Baydenlə Putinin ağzından çıxan hər sözü, hətta onların hər hərəkətini diqqətlə izləyəcək. Görüşün ABŞ-Rusiya münasibətlərində irəliləyişə səbəb olacağı ehtimalı böyük deyil. Ancaq kiçicik siyasi irəliləmə belə Ukrayna üçün taleyüklü nəticələrə gətirə bilər”.
Qəzet vurğulayır ki, Qərbdən kömək uman, lakin hələ də Rusiya və Rusiyanın müttəfiqləri ilə münaqişə vəziyyətində olan “Ukraynanın siyasi radarı Vaşinqtonla Moskvaya yönəlib”.
“Vaşinqton Post” xatırladır ki, Kremlin adamı Viktor Yanukoviç 2014-cü ildə Ukrayna prezidenti postundan gedəndən bəri Ukrayna münaqişə zonasına çevrilib: həmin il Kreml Krım yarımadasını ilhaq edib, ölkənin şərqində separatçı hərəkat qanlı müharibəyə başlayıb və bütün bunlar Vaşinqtonla Moskva arasında münasibətləri gərginləşdirib: “Düzdür, ABŞ təqribən 14 min adamın həlak olduğu, 1,5 milyona yaxın insanın didərgin düşdüyü bu müharibənin dayandırılması üçün aparılan danışıqlarda birbaşa iştirak etmir. Amma aydın məsələdir ki, Vaşinqton Ukraynaya əhəmiyyətli və strateji tərəfdaşı kimi baxır. Bir qədər bundan əvvəl ABŞ Ukraynaya 150 milyon dollarlıq hərbi yardım göstərəcəyini açıqlayıb. Keçmiş sovet ölkələri üzərində nəzarəti itirmək istəməyən Rusiya isə Ukraynanın yekunda NATO üzvlüyü ilə nəticələnə biləcək bu Qərbyönlü siyasətinin qəti əleyhinədir.
Kiyev üçün əsas prioritet şərq cəbhəsində müharibənin dayandırılmasıdır. Moskva bu müharibədə iştirakını dansa da, Qərb xüsusi xidmət orqanları və müstəqil ekspertlər rusların Ukraynanın şərqində qiyamçıları yönəltdiyini, ora döyüşçülər yerləşdirdiyini və silah-sursat göndərdiyini vurğulayır. Payızda Rusiyanın böyük hərbi qüvvə ilə Ukrayna sərhədlərinə yaxınlaşması gərginliyi daha da artırıb. Moskva bunu hərbi təlim adlandırır. Sonradan canlı qüvvənin, hərbi texnikanın bir qismi geri çəkilsə də, qoşunun bir hissəsi hələ də yeni qurulmuş mövqelərdə qalır.
Ukrayna Bayden-Putin sammitində Vaşinqtonun onu tam dəstəkləyəcəyinə ümid bəsləyir. Ukrayna prezidenti Vladimir Zelenski sammit ərəfəsində ABŞ-ın “Axios” xəbər saytına müsahibəsində Baydenlə planetin istənilən nöqtəsində istənilən vaxt görüşməyə hazır olduğunu söylədi. Lakin Zelenski Baydenlə görüşə bilmədi. Telefon söhbəti isə oldu. Həmin telefon söhbətində Zelenski Tramp administrasiyası dövründə əldə edə bilmədiyi təklifi aldı, Bayden onu iyulda Ağ evə dəvət etdi.
Bayden Zelenskini arxayın edib ki, onun qorxmasına heç bir səbəb yoxdur. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın sözlərinə görə, Zelenski ilə telefon söhbətində Bayden deyib ki, Birləşmiş Ştatlar qətiyyətlə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeyindən bir addım da geri çəkilməyəcək”.
“Yeni Avropa” Analitik Mərkəzinin direktoru Alyona Getmançuk “Vaşinqton Post”a bildirib ki, Ukrayna ABŞ və Rusiya prezidentləri arasında görüşləri həmişə təşvişlə, narahatlıqla qarşılayır, çünki Kiyev belə görüşlərdə hansısa “bazarlığın” qurbanına çevrilə biləcəyindən qorxur.
Qəzet Getmançukun fikirlərinin təsdiqi kimi Zelenskinin mətbuat konfransında dediklərini misal çəkir. Zelenski mətbuat konfransında bildirib ki, Bayden-Putin görüşündə Ukraynanın maraqlarına zidd məsələlərin müzakirəyə çıxarılması riski də var. O, belə bir situasiyadan qorxduğunu açıq ifadə edib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə “Vaşinqton Post”a yazılı açıqlamasında məsələni çox qəti qoyub. O, açıqlamasında yazıb: “Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı heç bir razılaşma əldə edilə bilməz. Bu bizim dəyişməz prinsipimizdir”.
Nazir eyni zamanda qeyd edib ki, o, prezident Baydenin azad dünyanın lideri kimi bütün gücünü-qüvvəsini sərf edib, bütün siyasi vasitələrdən yararlanıb Vladimir Putinə Ukrayna ilə müharibəni uduzduğunu, Ukraynanı sakitcə tərk etməyin zamanı çatdığını başa salacağına ümidvardır.
“Vaşinqton Post” yazır ki, Ukrayna ABŞ-ın gördüyü işlərdə həmişə çox böyük rol oynayıb. Qəzet yaxın dövrdən belə bir məqamı xatırladır: ABŞ-da Baydendən qabaqkı prezident Donald Trampın impiçment olunması üçün ilə bağlı dinləmələr keçiriləndə Tramp Zelenskiyə təzyiqlər etməyə başlamışdı. Tramp istəyirdi ki, Baydenə və onun vaxtilə Ukraynanın “Burisma” enerji şirkətinin Direktorlar Şurasının üzvü olmuş oğlu Hanterə qarşı Ukraynada təhqiqat aparılsın, kompromatlar əldə edilsin. Ancaq Zelenski Trampın təzyiqlərinə boyun əymədi.
Bunu xatırladandan sonra “Vaşinqton Post” vurğulayır: “Bayden hakimiyyətə gələndən bəri ABŞ Ukraynanı korrupsiyaya qarşı əvvəlki qaydada mübarizə aparmağa çağırır. Ancaq Zelenski administrasiyası bir sıra sahədə uğurlara imza atsa da, məsələn, oliqarxların ölkə siyasətinə təsirini aradan qaldırsa da, korrupsiya əleyhinə digər mühüm öhdəliklərinin icrasında geriləyir”.
Mənbə: Washingtonpost.com