Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində müasir dövrdə mobil telefonların insanlar arasındakı ünsiyyətə təsirinə dair məqalə dərc olunub. Novator.az saytı “Telefonlar münasibətə necə təsir edir?” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Türkiyənin İstanbul şəhərindəki İbn Haldun Universitetinin psixoloji xidmət departamentində həm məsləhətçi, həm də professor köməkçisi kimi çalışan T.Naziri dərs zamanı heç vaxt telefonla məşğul olan görə bilməzsiniz.
T.Nazir müasir texnologiyaların, o cümlədən mobil telefonların insanlar arasındakı münasibətə, ünsiyyətə təsirini araşdırır.
Söhbətləşdiyin adam sənə məhəl qoymayıb tez-tez telefonuna baxırsa və ya kiməsə mesaj göndərirsə, bu, laqeydlik deməkdir.
Belə davranış kənardan ziyansız vərdiş kimi görünsə də, əslində insanlar arasında münasibətə böyük təsir göstərir.
T.Nazir deyir ki, insanlar bəzən fərqinə varmır, amma telefonla ifrat dərəcədə məşğul olmaq onların dəyərli vaxtını alır: “Telefon əslində bizə əlaqə yaratmaq və münasibət qurmaq üçün yardımçıdır: o bizə dostluq münasibəti qurmağa, uzaqda yaşayan qohum-əqrəbayla, tanışlarla əlaqə yaratmağa, dünyanın o biri başında olan sevdiyimiz insanlarla danışmağa imkan verir. Bununla belə, bir insanla ünsiyyətdə olduğun zaman əlində telefonun olması və ondan istifadə bu məqamı korlaya bilər”.
Böyük Britaniyanın Nortumbria Universitetində psixologiya fənnindən dərs verən Cenavi Braun bildirir: “Smartfonlar bizə zəng və ya yazılı mesaj vasitəsilə yaxınlarımızla əlaqə qurmağa kömək edir. Ancaq bəzən onlar canlı ünsiyyətimizə mane ola və bizə problem yarada bilər”.
Dostlarımızla və ailəmizlə keçirdiyimiz vaxtın keyfiyyəti azalır
Telefonların münasibətə nə dərəcədə problem yaratdığı ünsiyyətdə olan insanların yaş qrupundan da asılıdır.
2020-ci ildə T.Nazir çalışdığı universitetdə yaşlı və gənc müəllimlər arasında sorğu keçirib. O, müəllimlərin dərs zamanı tələbələrin telefondan istifadə etməsinə münasibətini öyrənib. T.Nazirin sualına müəllim yoldaşlarının cavabları çox fərqli olub.
Sorğu göstərib ki, yaşlı müəllimlər dərs vaxtı tələbələrin smartfonlardan istifadə etməsinə hörmətsizlik kimi baxır. Gənc müəllimlər isə dərs vaxtı tələbələrin fəal olmamasında özlərini günahkar bilirlər. Cavan müəllimlər bunu özlərinin tədris bacarıqlarının qüsuru kimi dəyərləndirirlər.
Telefonla çox məşğul olmaq yalnız qarşındakı insana mənfi təsir göstərmir.
Cenavi Braunun 2016-cı ildə “Emerging Adulthood” jurnalında dərc olunan araşdırmasına görə, dostluq edən iki insan telefonla nə qədər çox məşğul olsalar, onların arasındakı ünsiyyət bir o qədər ziyan görür. Cenavi Braun bildirir ki, telefondan ifrat dərəcədə istifadə hətta ən yaxın dostların belə münasibətinə mənfi təsir edə bilir.
Digər bir araşdırmanın nəticələri 2017-ci ildə “Experimental Psychology” jurnalında dərc olunub. 300 nəfər arasında aparılan tədqiqat göstərib ki, ailəsi və ya dostları ilə şam eləyən zaman telefondan istifadə edən şəxslərin fikirləri daha çox yayınır. Bu isə həmin insanların yaxınları ilə birlikdə vaxt keçirməkdən zövq almasına imkanı vermir.
Ancaq bir çoxları, xüsusən də gənclər üçün telefonun göz önündə olması normal hal sayılır.
“Deutsche Welle” kanalına danışan 17 yaşlı almaniyalı gənc qız Milena deyir: “Kübar cəmiyyətdə insanların əlində telefon tutması normaldır. Gənclər buna normal baxırlar. Mən bunu qaba davranış saymıram, ancaq belə hərəkət mənə də xoş deyil. Bir nəfər danışanda yanındakı insanın tez-tez telefona baxması şəxsən mənim də xoşuma gəlmir”.
Milenanın həmyaşıdı və rəfiqəsi Paulin deyir ki, telefona baxmağın səbəbindən çox şey asılıdır: “Bu xoş olmaya bilər, ancaq mən bu hərəkətə o qədər də pis baxmıram. Əgər insanın telefona baxması üçün vacib səbəb varsa, o zaman bu, normaldır”.
Bu yaxınlarda amerikalı mütəxəssislərin apardığı və nəticəsi “Human Behaviour and Emerging Technologies” jurnalında dərc olunan tədqiqatda iştirak etmiş insanların da cavabları oxşar olub.
Həmin tədqiqat zamanı söhbət eləyən iki insandan biri telefonunu çıxarır. O, bunun səbəbini söhbətdaşına da açıqlayır.
Araşdırma göstərib ki, söhbət edən insanlardan biri dostlarına görüş təyin etmək kimi əhəmiyyətsiz bir səbəbdən telefondan istifadə edirsə, qarşısındakı insan bundan narahat olur.
Ancaq tədqiqata cəlb olunan iştirakçılar söhbətləşdikləri adamların tutarlı səbəbdən telefondan istifadə etdiyini görəndə daha az narahat keçiriblər.
Telefonunuz qarşınızdakı insana şüuraltı mesaj göndərir
Bu yaxınlarda T.Nazir öz anasını həkimə müayinəyə aparıbmış. Anasını müəyinə edərkən həkim tez-tez öz telefonuna baxırmış. T.Nazir həkimin otağından çıxan anasından müayinənin nəticəsini soruşub. Anası belə cavab verib: “Məncə, o heç məni yoxlamadı. Çünki öz telefonu ilə məşğul idi”.
T.Nazir deyir ki, ünsiyyət təkcə şifahi nitqdən ibarət deyil: “Unutmamalıyıq ki, ünsiyyət qurduğumuz insanın təkcə danışığına yox, həm də üz cizgilərinə və hərəkətlərinə fikir veririk.
Biz telefonumuzu qarşımızdakı insandan daha üstün tuturuqsa, bununla ona şüuraltı mesaj göndərmiş oluruq. Həmin insan anlayır ki, fikrimiz onda yox, telefonun yanındadır.
Bir insan sizə ürəyini açır, hisslərini bölüşür, siz isə belə bir vaxtda tez-tez telefonunuzu yoxlayırsınız. Bu zaman qarşınızdakı insan özünü boşuna danışırmış kimi hiss edəcək. Fikirləşəcək ki, dedikləri sizə maraqlı deyil”.
Vərdişə güc gəlmək
Canlı ünsiyyət zamanı telefondan çox istifadə etmək istəməyən insanlar üçün bir neçə çıxış yolu var.
Bəziləri bu vərdişin qarşısını almaq üçün interneti bloklayır və ya xüsusi tətbiqlərdən istifadə edirlər.
Bir qisim telefonunun səsini alır, yaxud tam bağlayır.
Şirkətlərdən biri “Başını yuxarı qaldır!” xatırlatması ilə smartfonun ətrafına yerləşdirilə bilən bir kəmər də hazırlayıb.
Cenavi Braun isə telefon aludəçilərinə deyir: “Dostlarınızla vaxt keçirmək əvəzinə niyə telefonla danışmağa üstünlük verirsiniz? Bu barədə düşünməlisiniz. Dost-tanışınız telefonla çox danışanda da bunun səbəbini onlardan soruşun. Sonra onların telefondan istifadə etməsinin sizə necə təsir etdiyini söyləyin, təəsüratınızı bölüşun və problemi birlikdə həll etməyə çalışın”.
Mənbə: Dw.com