Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin bir qrupunun işi üzrə proses yekunlaşır. İyunun 9-da Səbail Rayon Məhkəməsinin keçirdiyi iclasda dövlət ittihamçısı mühakimə olunan 12 nəfərə azadlıqdan şərti məhrumetmə cəzaları çıxarılmasını təklif edib. AXCP-dən Fuad Qəhrəmanlı və Məmməd İbrahimə 4 il 6 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 4 il, digər 8 nəfərə 3 il 6 ay şərti iş istənib. Hökm iyunun 14-də çıxarılmalıdır.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli bu məsələyə münasibət bildirərək yazır: “Əksər insanlar bilir ki, AXCP funksionerləri heç bir qanun pozuntusuna yol verməyib. Təşkilatçılığında ittiham olunduqları Qarabağ mitinqində heç iştirak da etməyiblər. AXCP rəhbərliyinə daxil olan şəxslərin rejimin gözündə əsas cinayətləri onların ardıcıl və prinsipial müxalifətçi, cəbhəçi olmalarıdır. Cəbhə funksionerləri digər əqidədaşlarımızla birlikdə rejimin ölkədə real müxalifəti məhv etməsinə, cəmiyyətin susdurulmasına imkan verməyiblər. Rejim onları, şərti də olsa, məhkum etməklə fəaliyyətlərini məhdudlaşdırmaq istəyir. Günahsız insanların belə uzun müddətə, şərti də olsa, məhkum edilməsi əsl repressiya aktı olar. Azərbaycan cəmiyyətini müxalifətə qarşı bu repressiya aktına hamılıqla etiraz etməyə çağırıram. Haqsızlıq, ədalətsizlik heç zaman adiləşməməlidir. Bəraət almaq keçmiş Qarabağ məhbuslarının haqqıdır. Onların bu haqqını sona qədər müdafiə edəcəyik.
Hazırda siyasi məhbus həyatı yaşayan dostlarımıza, soydaşlarımıza da azadlıq tələb edirik. Azadlıq onların da, bütövlükdə Azərbaycanın da haqqıdır”.
Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin mühakiməsini 2021-ci ilin fevral ayında başlayıb. Təqsirləndirilən şəxslər üç qrupa bölünüb. Prosesdə Bakı Apellyasiya Məhkəməsinin iclas zallarından istifadə olunur.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
37 təqsirləndirilən şəxsin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri (AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev, Müsəlman Birliyi Hərəkatının təmsilçiləri Tural Vəliyev, Kamil Mahmudov, bitərəflər Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov), dekabrın 7-də 15 nəfəri (AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov, bitərəflər Siyavuş Mustafayev, İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşviq Vahabov, Fərid Abadov, Dəyanət Mövlayev) ev dustaqlığına buraxıb.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilən cəbhəçinin işi ayrıca icraata ayrılıb.
Hazırda AXCP-nin 5 üzvü həbsdədir.
Aqil Məhərrəmov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən cəbhəçi 4 il həbs cəzası alıb.
İttihama görə, 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.
2018-ci ilin mayın 8-də tutulan Saleh Rüstəmov 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi Ruslan Nəsirov bu iş üzrə 6 il 8 aylıq şərti həbs cəzası çəkir.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
2021-ci il aprelin 28-də Səid Məmmədzadəyə (Bakuvi) 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. 2020-ci il mayın 16-sı Bakıda tutulan, iyulun 20-də ev dustaqlığına buraxılan cəbhəçi silahdan istifadə etməklə xuliqanlıqda (bıçaqla xəsarət yetirməkdə) təqsirli bilinib.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.