Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanın Şuşa şəhərində məktəb tikdirmək təşəbbüsündən geri çəkilib. Rəsmi izahata əsasən, layihəni Azərbaycan hakimiyyəti ilə razılaşdırmaq mümkün olmayıb.
AXCP Əli Kərimli bu məsələnin nizama salınmamasına təəssüflənir. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, MHP-nin, dolayısı ilə Türkiyənin Şuşadan uzaq tutulması Rusiya və Ermənistanın marağına uyğundur: “Məktəb tikintisinə yaradılan maneəni “məktəbin idarə edilməsi”, “təhsil proqramı” kimi arqumentlərlə izah etmək istəyənlər açıq saxtakarlıq edirlər. MHP çox açıq şəkildə bildirmişdi ki, məktəbi tikib Azərbaycanın Təhsil Nazirliyinə verəcək. Dərslər Azərbaycan Təhsil Nazirliyinin proqramları əsasında keçiriləcəkdi. Ancaq imkan vermədilər.
Qarabağ problemində hər zaman Azərbaycana dəstək verən MHP-ni incitmək hazırkı şəraitdə ölkəmizin milli maraqlarına yalnız zərər verər. Belə görünür ki, hakimiyyət Rusiyaya sığınıb Azərbaycanın bütün dünya ilə münasibətlərini axıra qədər korlaya bilər. Odur ki, gözümüz hakimiyyətin üstündə olmalıdır. Hökumət milli maraqlarımıza zidd olan hər bir addımına görə qınanmalıdır”.
Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, Böyük Millət Məclisinin deputatı Mövlud Karakaya 2021-ci il fevralın 2-si Bakıda prezident İlham Əliyevlə görüşündə Şuşa şəhərində mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi təşəbbüsü barədə məlumat vermiş, Azərbaycanın təhsil naziri və digər rəsmi şəxslərlə müzakirə apardığını bildirmişdi. İlham Əliyev təşəbbüsün nəzərə alınacağını demişdi.
Mayın 27-də Türkiyənin milli təhsil naziri Ziya Səlcuqu qəbul edərkən prezident İlham Əliyev həmin məsələyə toxunmuşdu: “Şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilərin dağıtdığı məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli cümhur başqanı Rəcəb Teyyub Ərdoğanın səfəri çərçivəsində Türkiyənin təklif etdiyi bir hədiyyə kimi məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”.
Ancaq mayın 29-da Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı özünün “Tvitter” səhifəsində yaydığı açıqlamada layihədən imtina etdiklərini vurğulayıb. O bildirib ki, Qarabağ zəfərinin ardından, 16 yanvar 2021-ci ildə Azərbaycanın fikir və sənət həyatında özəl yeri olan Şuşada doqquzillik məktəb tikmək niyyətlərini bəyan ediblər, tikintini Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin maliyyələşdirməsi nəzərdə tutulub: “Bu çərçivədə layihə hazırlayıb ictimaiyyətin diqqətinə çatdırmışdıq. Məktəbin təməlini 30 yanvar 2021-ci ildə qoymaq planımız vardı.
Ancaq Azərbaycan hakimiyyəti bizim layihəmizi uyğun bilməyərək yeni və fərqli məktəb layihəsi hazırlayıb. Bu baxımdan Milliyyətçi Hərəkat Partiyası Şuşada məktəb tikmək layihəsindən vaz keçib. Layihəmizə dəstək verən qardaşlarımızdan yardım və hədiyyə adı altında toplanan vəsait tezliklə və tam şəkildə geri qaytarılacaq”.
Mayın 30-na keçən gecə AZƏRTAC-a danışan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, mütəxəssislər səviyyəsində məktəb binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub: “Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunacaq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanacaq”.
Mayın 31-də Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri Əhməd İgid Yıldırım özünün “Tvitter” səhifəsində yaydığı açıqlamada ümumilikdə 1424 nəfərin Şuşada məktəb tikintisi layihəsinə maliyyə yardımı etdiyini söyləyib, layihədən imtina olunduğuna görə yığılmış bütün vəsaitlərin geri qaytarıldığını vurğulayıb.
MHP Şuşada məktəb tikməkdən imtina etdi
Şuşada məktəb tikintisi üçün yığılan pullar geri qaytarıldı
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin və Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri şəhəri düşməndən təmizləyib.