Dünya COVİD-26 və COVİD-32 təhlükəsi ilə üz-üzə qala bilər
- 02 İyun 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribuna
Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc edilmiş “Görkəmli alim deyir ki, virusun laboratoriyadan sızması barədə fərziyyə tam tədqiq olunmasa, dünya COVİD-26 və COVİD-32 təhlükəsi ilə üz-üzə qalacaq” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi Stiven Zeyçikdir.
Bu həftə Amerikanın görkəmli alimi, Beylor Tibb Kollecinin pediatriya, molekulyar virusologiya və mikrobiologiya üzrə professoru, virusların öyrənilməsi üzrə aparıcı mütəxəssis Piter Hotez əhalinin sağlamlığının təhlükədə olduğunu bildirərək koronavirusun mənşəyinin tam araşdırılmasını tələb edən ekspertlər sırasına qoşulub.
“Biz COVİD-19-un mənşəyini tam şəkildə öyrənənə qədər COVİD-26 və COVİD-32 meydana çıxa bilər” – professor Piter Hotez “NBC News” kanalının “Meet The Press” proqramına müsahibə verərkən belə deyib.
O bildirib ki, pandemiyanın gələcəkdə təkrarlanmaması üçün virusun yaranma səbəbini öyrənmək olduqca zəruridir.
Yeni araşdırmalar göstərir ki, insanların əksəriyyəti virusun heyvandan insana keçməsi fikrini deyil, məhz Çinin Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızması iddialarını dəstəkləyir.
Ötən həftə ABŞ prezidenti Cozef Bayden virusun mənşəyini öyrənmək üçün 90 günlük araşdırmanın aparılmasına göstəriş verdi. Araşdırmanın başlıca məqsədi virusun insanlara yarasa və ya digər heyvanlardan keçmədiyini və ehtiyatsızlıq nəticəsində Uhan laboratoriyasından sızdığını iddia edənlərin nə qədər haqlı olduğunu üzə çıxarmaqdır.
Ağ ev 600 min amerikalının və dünyada 3 milyon 500 min insanın ölümünə səbəb olmuş virusun necə meydana çıxdığını dərindən öyrənmək istəyir. Buna görə də Mərkəzi Kəşfiyyat İdarəsinə və digər idarələrə daha çox məlumat əldə etmək üçün tapşırıqlar verilib.
Professor Piter Hotez isə kəşfiyyat məlumatlarının təklikdə heç bir səmərə verməyəcəyini bildirir: “Şəxsən mən düşünürəm ki, biz kəşfiyyat işlərini yetərincə dəstəkləmişik. İndi isə infeksiyanın necə yayıldığını araşdırmaq lazımdır”. Professor əlavə edib ki, bunun üçün Hubey vilayətinin Uhan şəhərində 6-12 ay əməliyyat aparılmalı, alimlər geniş nümunələr və digər məhkəmə sübutları toplamalıdırlar.
Virusun laboratoriyadan sızması fikrini əvvəlcə Kapitolidə – ABŞ Konqresinin binasında prezident Donald Tramp və Respublikaçılar Partiyasının bəzi üzvləri irəli sürmüşdü (Donald Tramp 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək ABŞ-ın prezidenti olub). Demokratlar Partiyasının bir çox üzvü və ekspertlərin əksəriyyəti bu fikri təkzib etmişdi. Lakin son günlərdə bu fərziyyə yenidən populyarlaşmağa başlayıb.
Dünya Səhiyyə Təşkilatı bu ilin əvvəlində verdiyi hesabatda virusun laboratoriyadan sızması barədə fərziyyənin həqiqətə uyğun olmadığını qeyd edib. Ekspertlərin əksəriyyəti bu hesabatın çinli alimlərlə birlikdə tərtib edildiyini və inandırıcı olmadığını düşünür.
Bugünlərdə ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc olunmuş məqalədə maraqlı bir məlumat yer alıb. Məlumata görə, ABŞ kəşfiyyat qüvvələrinin əvvəllər işıqlandırılmamış hesabatında Uhandakı laboratoriyanın üç aliminin hələ virus bütün Çinə yayılmazdan əvvəl – 2019-cu ilin noyabrında COVİD-19 infeksiyasının simptomlarına uyğun gələn simptomlarla xəstəxanaya yerləşdirildiyi bildirilib.
Kapitolidə həm demokratlar, həm də respublikaçılar hökuməti bu mövzuda daha dərin araşdırmalar aparmağa çağırıblar.
“Amerika əhalisinin COVİD-19 virusunun necə yarandığını öyrənməyə haqqı çatır”. Bu sözləri senator Coş Houli Senatda ötən həftə virus barədə məlumatların təsnif olunması barədə qanun layihəsi qəbul edilməzdən əvvəl səsləndirib.
Senatın səhiyyə, təhsil, əmək və təqaüdlər üzrə komitəsinin üzvü olan Tim Keyn də bütün sualların cavablandırılmalı olduğunu deyib. Qeyd edək ki, senator Tim Keyn özü də ağır koronavirus xəstəliyi keçirib.
Getdikcə artan maliyyə təzyiqi də bu məsələdə mühüm rol oynamaqdadır. Respublikaçı Maykl Makkol bildirib ki, Çin araşdırmanın aparılması üzrə əməkdaşlıqdan imtina etsə, ABŞ ona qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.
“Mənim bütün bunlara cavabım təchizat zənciridir. Biz təchizat zəncirimizi regiondan ayırmaq məcburiyyətindəyik” deyən Maykl Makkol tibbi təyinatlı materiallar və yarımkeçirici çiplər də daxil olmaqla müxtəlif sənaye sahələrinin bu zəncirə daxil olduğunu vurğulayıb.
Maykl Makkol Nümayəndələr Palatasının xarici işlər komitəsinin üzvüdür. O, CNN kanalının “State of the Union” proqramında qonaq qismində çıxış edərkən deyib: “Əgər biz bu zəncirləri Çindən ayıra bilsək, bu onlar üçün mənfi iqtisadi nəticələrə yol açacaq və ciddi cəza olacaq”.
Maykl Makkol bu fikirdədir ki, prezident Cozef Bayden araşdırma təşəbbüsünü indi deyil, çoxdan irəli sürməli idi.
Professor Piter Hotez və digər ekspertlər iddia edirlər ki, Çinlə əməkdaşlıq etmədən virusun mənşəyi barədə faktlar toplamaq həddən artıq çətin ola bilər.
Bəzi ekspertlər hələ də COVİD-19-a səbəb olan virusun laboratoriyadan gələ biləcəyinin mümkün olmadığını bildirirlər. Digərləri isə Uhanda qabaqcıl laboratoriyanın mövcud olması və şəhərdə yarasanın nadir hallarda gözə dəyməsi kimi faktları diqqətə çatdırmaqla virusun laboratoriyadan sızması barədə fikirlərin əsaslı ola biləcəyini deyirlər.
ABŞ-ın Qida və Dərman Administrasiyasının sabiq rəhbəri Skot Qotlib bir neçə gün öncə müsahibəsində vurğulayıb ki, Çinin əməkdaşlıqdan imtina etməsi özlüyündə bu fərziyyəni təsdiqləmiş olur.
Skot Qotlib “CBS News” kanalının “Face the Nation” proqramına mühasibə verərkən laboratoriya işçilərinin qan analizlərinin aparılması və virusun ilkin izlərinin aşkarlanmasını nəzərdə tutaraq deyib: “Çin burada mühakimə ediləcək dəlillər təqdim edə bilərdi. Lakin bundan boyun qaçırdı”.
Qotlib bildirib ki, virusun laboratoriyadan sızması faktının təsdiqlənməsi dünyadakı digər bu cür müəssisələr üçün əlavə təhlükəsizlik qərarlarının çıxarılmasına kömək edə bilər: “Virusun laboratoriyadan sızmasının nə qədər mümkün olduğunu öyrənmək çox vacibdir. Ona görə də bu laboratoriyalar ətrafındakı inventarlar, onların həyata keçirdiyi işlər, təhlükəsizlik tədbirləri təkmilləşdirilməli və laboratoriyaların müvafiq qaydalara uyğun inşa edilməsini təmin etmək kimi məsələlərə beynəlxalq səviyyədə diqqət ayrılmalıdır”.
Virusla bağlı araşdırma prezident Cozef Baydenin administrasiyası üçün həssas mövzudur. İndi administrasiya pandemiyanın başlandığı vaxtdan bəri Asiya əsilli amerikalılara qarşı zorakılıq hallarının artması barədə narahatlıqları elmi həqiqətlə ört-basdır etməyə çalışır.
Ağ ev geosiyasi gərginliyin qarşısını almalıdır. Çin ABŞ-ın şəffaflıqla bağlı çağırışına məhəl qoymur.
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Çao Lijian ötən həftə məsələyə münasibət bildirib. O, ABŞ ordusunun Merilenddəki Fort Detrik Tədqiqat Laboratoriyasını nəzərdə tutaraq deyib: “ABŞ-ı nə faktlar, nə həqiqət, nə də virusun mənşəyi barədə ciddi elmi tədqiqatın aparılması maraqlandırır”.
Çinin dövlətə məxsus kütləvi informasiya vasitələri heç bir sübut göstərmədən infeksiyanın mənbəyinin Fort Detrik laboratoriyası ola biləcəyini yazır: “ABŞ-ın yeganə məqsədi günahı başqalarının boynuna atmaq üçün pandemiyadan stiqmatizasiya (damğalama) və siyasi manipulyasiya məqsədilə istifadə etməkdir”.
Stiven Zeyçik
Mənbə: Washingtonpost.com