Prezident İlham Əliyev mayın 29-da Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinin, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinin istifadəsinə verilir. İmzalanacaq müqavilələrin müddəti 30 il nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə müqavilə layihələrini üç ay müddətində hazırlayıb imzalamalıdır.
Novator.az-ın məlumatına görə, sərəncamı şərh edən iqtisadçı Qubad İbadoğlu yazır ki, Türkiyənin “Cengiz” holdinqinə məxsus olan, mis məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkətinin baş ofisi İstanbulda yerləşir: “Cengiz” holdinqi Türkiyədə İstanbul hava limanını, Azərbaycanda “Şəmkirçay” su anbarını tikib. Holdinqin sahibi və rəhbəri məşhur iş adamı Mehmet Cengizdir. O, “Eti Bakır A.Ş.” şirkətini 2004-cü ildə özəlləşdirərək holdinqinə qatıb.
“Artvin Maden A.Ş.” Türkiyəli iş adamı Ömər Faruk Kalyoncuya aid olan “Zirve” holdinqinin ortaqlığındadır.
Yataqlara gəlincə, onların arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır. Kəlbəcər rayonunun cənub-şərqində yerləşən yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılıb. Onların 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən edilib. Qızılın orta miqdarı tonda 6,72 qram olub. Qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı var.
Elbəydaş və Ağduzdağ filiz yataqları Murovun ətəyindədir”.