2021-ci il fevralın 2-də Bakıda prezident İlham Əliyevlə görüşən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Böyük Millət Məclisinin deputatı Mövlud Karakaya işğaldan azad edilən Şuşa şəhərində mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi təşəbbüsü barədə məlumat vermiş, Azərbaycanın təhsil naziri və digər rəsmi şəxslərlə müzakirə apardığını bildirmişdi.
İlham Əliyev təşəbbüsə görə təşəkkür etmiş, bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını demişdi.
Mayın 27-də Türkiyənin milli təhsil naziri Ziya Səlcuqu qəbul edən prezident İlham Əliyev həmin məsələyə toxunub: “Bizim ölkəmizdə indi yeni dövr, İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlayıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilərin dağıtdığı məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli cümhur başqanı Rəcəb Teyyub Ərdoğanın səfəri çərçivəsində Türkiyənin təklif etdiyi bir hədiyyə kimi məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”.
Novator.az-ın məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı mayın 29-da özünün “Tvitter” səhifəsində yaydığı açıqlamada bildirib ki, Qarabağ zəfərinin ardından, 16 yanvar 2021-ci ildə Azərbaycanın fikir və sənət həyatında özəl yeri olan Şuşada doqquzillik məktəb tikmək niyyətlərini bəyan ediblər, tikintini Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin maliyyələşdirməsi nəzərdə tutulub: “Bu çərçivədə layihə hazırlayıb ictimaiyyətin diqqətinə çatdırmışdıq. Tikmək istədiyimiz məktəbə Azərbaycanın dövlət himninin müəllifi, Şuşada doğulmuş Üzeyir Hacıbəylinin adını verməyi düşünmüşdük. Məktəbin təməlini 30 yanvar 2021-ci ildə qoymaq planımız vardı.
Ancaq Azərbaycan hakimiyyəti bizim layihəmizi uyğun bilməyərək yeni və fərqli məktəb layihəsi hazırlayıb. Əlbəttə, bu, onların təbii haqqıdır və bizim sayğı duymaqdan başqa bir seçimimiz olmaz. Bu baxımdan Milliyyətçi Hərəkat Partiyası Şuşada məktəb tikmək layihəsindən vaz keçib. Layihəmizə dəstək verən qardaşlarımızdan yardım və hədiyyə adı altında toplanan vəsait tezliklə və tam şəkildə geri qaytarılacaq”.
Mayın 30-na keçən gecə AZƏRTAC prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını yayıb. O qeyd edib ki, mütəxəssislər səviyyəsində məktəb binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub: “Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyil. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunacaq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanacaq”.
Türkiyə parlamentində təmsil olunan Milliyyətçi Hərəkat Partiyası 1969-cu ildə yaradılıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bir çox ərazini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin və Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri şəhəri düşməndən təmizləyib.