Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri çox təhlükəli sayır. Novator.az-ın məlumatına görə, o yazır ki, indi Ermənistanda bütün hadisələr iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkisinə hesablanıb: “Hökumət başçısı Nikol Paşinyanın da, rəqiblərinin də hər sözü, hər addımı seçki prizmasına görədir. Belə görünür Paşinyan nə orduda, nə təhlükəsizlik sistemində tam söz sahibidir, bu strukturlara tam nəzarət edə bilmir, həmin orqanlar Qarabağ klanı kimi tanınan qrupun, daha çox isə Moskvanın adamları ilə doludur. Baş nazir əvəzinin rəqibləri sərhəddə gərginliklər yaratmaqla “ölkə özünü qoruya bilmir, vətən əldən gedir, Paşinyan torpaqları satır” ovqatı yaratmaq istəyirlər.
Çox təhlükəli vəziyyətdir, sərhəddəki hərbçilərimiz diqqətli olmalıdır. Ermənilər tez-tez provokasiya edəcək, əsəblərimizlə oynayacaq ki, kimsə dözməsin, silah çəkib bir neçə Ermənistan əsgərini öldürsün, məhz o zaman İrəvanda Nikolun rəqibləri siyasi şouya başlayacaqlar.
Son hadisələr bir daha göstərdi ki, çox tezliklə sərhədlərin dəqiqləşdirilməsi başa çatmalı, Ermənistanla sərhədimiz istehkamlara çevrilməli, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq heç kəsin ağlından revanş fikri keçməməlidir”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bir çox bölgəni tutub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir, bu proses sərhəd xəttini təyin edən xəritələr əsasında həyata keçirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Müdafiə Nazirliyinin mayın 26-da yaydığı rəsmi xəbərə görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan ərazisindəki mövqelərdən atıcı silahlardan atəşə tutulub, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan postları istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Müdafiə Nazirliyinin ən yeni rəsmi məlumatına əsasən, mayın 27-nə keçən gecə, saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan sərhədini keçməyə cəhd göstərib: “Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirən düşmənin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və onlar əsir götürülüb.
Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb”.
Ermənistanda növbədənkənar parlament seçkisi proporsional sistem üzrə keçiriləcək. Hökumət başçısı Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası 20 iyun seçkisinə təkbaşına qatılır. Onun əsas rəqiblərindən biri ikinci prezident Robert Köçəryandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Robert Köçəryan Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə Ermənistan bloku yaradıb.
Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda birləşib. Serj Sərkisyan da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub.
20 iyun seçkisində qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-i xalq hərəkatı dalğasında gəlib, bununla Qarabağ klanı kimi tanınan qrupun 1998-ci ildən bəri davam edən hökmranlığına son qoyulub.
2018-ci il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edir. Növbədənkənar seçki bu fonda gündəmə gəlib.