Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, mayın 27-nə keçən gecə, saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan sərhədini keçməyə cəhd göstərib: “Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirən düşmənin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və onlar əsir götürülüb.
Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bir çox bölgəni işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir, bu proses sərhəd xəttini təyin edən xəritələr əsasında həyata keçirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.