Pandemiya dövründə amerikalı milyarderlər sərvətlərini təqribən 1,2 trilyon dollar artırıblar. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Forbes” jurnalı yazıb.
Yazıda bildirilir ki, bir ildən çox davam edən qapanmalara və işsizliyin artmasına baxmayaraq bazarlar böyüyür, bu da dünyanın hər tərəfində yaşayan amerikalılar üçün ABŞ-da fərdi pensiya planı olan 401(k) və fərdi pensiya hesabı olan İRA sistemlərinin, eləcə də digər investisiya hesablarının dəyərinin artmasına gətirib çıxarır.
“Forbes” bildirir ki, 2020-ci ilin yanvarından bəri “S&P 500” Birja İndeksinin sərvəti 29 faizə, “Dou Cons” Sənaye İndeksinin gəliri isə 19 faizə yaxın artıb: “Sərvətinin çox hissəsini ayrı-ayrı şirkətlərə və ya orta amerikalı üçün əlverişli olmayan fondlara investisiya kimi yatıran milyarderlərin durumu daha yaxşıdır. Amerikadakı 722 milyarderin dörddə üçü ya pandemiyadan qabaq olduğu kimi varlıdır, yaxud daha da varlanıb. Bəzilərinin milyardlarla, on milyardlarla, hətta yüz milyard dollardan artıq qazancı olub.
Amerikalı milyarderlərin pandemiya dövründə artan sərvətinin yarıdan çoxu 20 böyük investorun payına düşür. Ən çox qazanan 2020-ci ilin əvvəlindən başlayaraq inanılmaz yüksəlişə imza atmış İlon Maskdır. Onun rəhbərlik etdiyi “Tesla” və “SpaceX” şirkətlərinin xalis dəyəri 2020-ci ilin yanvarından bəri fantastik səviyyədə – 540 faiz artıb, yəni 27 milyard dollardan 170 milyard dollara qalxıb. Bu, “Tesla”nın dəyəri 700 faizdən çox artan səhmlərinin hesabına baş verib.
Dünyanın ən varlı adamı olan Ceff Bezos da pandemiya müddətində çox qazanıb. Onun “Amazon” şirkətinin səhmləri pandemiyaya görə karantində olan alıcıların sayəsində 87 faiz artıb. Nəticədə Bezosun sərvəti 2020-ci ilin yanvarından bəri 86 milyard dollar çoxalıb. “Forbes”in hesablamasına görə, Bezos tarixdə 200 milyard dollardan çox sərvəti olan ilk insandır”.
“Forbes” yazır ki, pandemiya dövründə milyarderlərin sərvəti ilə yanaşı sayı da artıb. Nəticədə bu il “Forbes”in dünya milyarderləri ilə bağlı siyahısına 493 yeni sima qatılıb. Jurnalın yazdığına görə, 2020-ci ilin martından 2021-ci ilin martına qədər hər 17 saatda bir yeni milyarder qeydə alınıb. Onların arasında ABŞ-dan olan 98 nəfər, o cümlədən film istehsalçısı Tayler Perri və “Apple” şirkətinin icraçı direktoru Tim Kuk kimi məşhur simalar var.
Siyahıya “SPAC” qurumu vasitəsilə varlanmış 10 yeni milyarderin, o cümlədən lazer lidar sistemi maqnatı Austin Rassel, “SPAC” sponsorları Çamat Palihapitiya və Bill Foley kimi tanınmışların da adları əlavə olunub.
Kriptovalyutaların yüksəlməsi nəticəsində 9 yeni kripto milyarder ortaya çıxıb. Vinklevoss əkizləri, “FTX” birjasının qurucusu Səm Bankman-Frayd və “Silikon vadisi” investoru Tim Draper kripto milyarderlər cərgəsindədirlər.
“Forbes” yazır: “COVİD-19-la mübarizədə də varlananlar olub. Koronavirusa qarşı dərmanların sınaqdan keçirilməsi üçün əczaçılıq şirkətlərini təchiz edən “Medpace” Tibbi Araşdırma Xidmətinin icraçı direktoru Oqast Troendl və “Moderna” peyvəndinin yaradıcıları Timoti Sprinqer, Nübar Afeyan və Robert Langer hazırda miyarderlər sırasındadırlar”.
Daha sonra jurnal yazır ki, Harold Hamm və Corc Kaiser kimi neft maqnatlarının sərvəti 2021-ci ilin əvvəlindən aşağı düşüb. Səbəb enerji sənayesinin bərpa prosesinin ləng getməsidir: “Pərakəndə satış və ofis icarəsinə tələbat azaldığından bir çox daşınmaz əmlak maqnatı da maneələrlə qarşılaşıb. Bu baxımdan Ceff Satton, Cerri Speyer və əlbəttə ki, Donald Tramp kimi milyarderlərin sərvəti azalıb”.
“Forbes”in yazdığına görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın pandemiyadan əvvəlki 3,1 milyard dollarlıq sərvəti pandemiya dövründə 2,4 milyard dollara enib.
“Forbes” jurnalı ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin prezident postunu bu il yanvarın 20-də tərk etmiş Donald Trampdan fərqli siyasət yürütdüyünü nəzərdə tutaraq vurğulayır: “Vaşinqtonda əsən dəyişkən küləklər milyarderlərin bank hesabları üçün təhlükəyə çevrilə bilər. Prezident Bayden ən yüksək gəlir vergisi dərəcəsinin və ən uzunmüddətli sərmayələr üzrə mənfəət vergisinin artırılması da daxil olmaqla ultra varlılara qoyulan vergilərin çoxaldılmasını təklif edib. O deyib: “Bəzən Demokratlar Partiyasındakı dostlarımla mübahisələrim düşür. Milyarder və milyonçu ola bilərsiniz, amma boynunuza düşən haqlı payınızı ödəməlisiniz”.
Baydenin bu sözlərindən bir gün sonra “S&P 500” Birja İndeksinin sərvəti 0,68 faiz artıb. O biri yandan amerikalı milyarderlərin də sərvəti təxminən 5 faiz artıb ki, bu da ölkə milyarderlərinə bir gündə ümumilikdə daha 200 milyard dollar qazandırır”.
Mənbə: Forbes.com