2020-ci ilin fevral ayından bəri Azərbaycanda ümumilikdə 332894 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4877-si vəfat edib. İnfeksiyanı cilovlamaq üçün 2020-ci il martın 31-dən xüsusi karantin rejimi tətbiq olunur. Ölkəyə giriş-çıxış məhdudlaşıb, dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır), ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, ictimai nəqliyyatın hərəkəti məhdudlaşıb, başqa qadağalar qoyulub.
Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, mayın 31-dən bölgələr arasında ictimai nəqliyyatla sərnişin daşınmasına qadağa götürülür, Bakı Metropoliteni açılır, açıq məkanlarda tibbi maska taxmaq tələbi ləğv olunur, iyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir.
Xüsusi karantin rejimi şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkətinə yasaq da nəzərdə tutur. Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti Samir Əliyev yazır ki, həftəsonu ictimai nəqliyyat şəbəkəsinin qapadılması qərarı səhvdir və ləğv edilməlidir: “Bu addımın təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə, yasaq sosial zərər yaradır. Məsələn, həftəsonu Bakının gur yeri olan “20 Yanvar” metro stansiyası ətrafında sərnişinlər 1 manatlıq taksilərdən istifadəyə məcbur olur. Dayanacaqlar taksilərlə dolur, hər maşına 4 sərnişin minir, avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə. Bu, yoluxma təhlükəsi deməkdir.
Gediş baha başa gəlir. 1 manata avtobusun xidmətindən üç dəfə istifadə etmək mümkündür.
Taksi bolluğu tıxaclar yaradır. Şəhər yerlərində tıxacın qarşısını almağın bir yolu da ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır, bu isə 1 manatlıq taksilər hesabına tıxac yaradır. Şənbə-bazar şəxsi maşınlardan istifadənin artmasını da nəzərə alaq.
Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən üç dəfə çox məbləğ 1 manatlıq taksilərə qismət olur. Həmin vəsait faktiki olaraq vergidən kənarda qalır”.