Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejiminin müddətini 2021-ci il avqustun 1-dək uzadıb. Rejim iyunun 1-də başa çatmalı idi.
Mayın 26-da verilən qərara görə, mayın 31-dən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir; Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti, ölkədə yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.
İyunun 10-dan bu iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir: dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla); iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla); idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan); çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.
Yaşı 18-dən aşağı olan şəxslərdən başqa idman və sağlamlıq-bərpa obyektlərindən yalnız peyvənd sertifikatı olan və ya immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər. İyulun 1-dən etibarən sertifikatlar tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb edilir (Azərbaycanda koronavirus pasportu iki sertifikatdan ibarətdir. Peyvəndlənmə sertifikatı vaksinin hər iki dozasını alan şəxslərə, immunitet sertifikatı xəstələnib sağalmış şəxslərə veriləcək).
Avropa futbol çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir (Bakı Olimpiya Stadionuna A qrupunun üç oyunu (Uels – İsveçrə (12 iyun), Türkiyə – Uels (16 iyun), İsveçrə – Türkiyə (20 iyun) və 1/4 finalın bir oyunu (3 iyul) salınıb).
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Mayın 26-na olan rəsmi hesabata görə, Azərbaycanda ümumilikdə 333097 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4885-i vəfat edib.
Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən hökm sürür. Hazırda əsas qadağalar bunlardır: yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn istisna olmaqla yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti.
Bu hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
açıq sahəli ofislərdə və istehsalat yerlərində;
tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimələnir.
Bu pozuntular bir ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutur.
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə həmin tələblərin pozulmasının qarşısını almamağa görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 300 manat məbləğində, hüquqi şəxslərə 600 manat məbləğində cərimə tətbiq edilir.
Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.