Almaniyanın “Focus” jurnalında “Putin sunami yaradan nüvə silahının köməyilə Rusiyanı dünya siyasətində yeni mərhələyə çıxarır” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi Tomas Eger hesab edir ki, Putin hərbi gücünü genişləndirməklə Rusiyanın suverenliyini və statusunu qorumağa çalışır.
Novator.az-ın məlumatına görə, müəllif yazır ki, Putin iki silaha – pilotsuz sualtı “Poseydon” aparatına və hipersəsli “Çirkon” raketinə çox arxalanır: “Məhz bu yolla Putin dünya siyasətində yeni mərhələyə qədəm qoymaq istəyir”.
Məqalədə qeyd olunur ki, Rusiyanın xarici və təhlükəsizlik siyasəti ilk növbədə ölkədəki mövcud siyasi düzəni qorumağa xidmət edir: “Belə taktika ölkədə inqilabın, iqtidar əleyhinə qiyamın qarşısını almağa hesablanıb.
İkincisi, Rusiya özünü beynəlxalq güc kimi təsdiqləməyə, istənilən xarici təsiri Yaxın Şərqdən sıxışdırmaqla strateji əhəmiyyətli yerlərdə – Orta Şərqdə, Afrikada, Arktikada öz varlığını təmin etmyə çalışır”.
Tomas Eger yazır ki, Rusiyanın böyük iddiaları üç amilə söykənir: “Birincisi – ərazisinin böyük olması, ikincisi – zəngin resursları, üçüncüsü – hərbi gücü. Putin bu amillərdən məharətlə yararlanaraq, tarixi siyasətlə sıx bağlılığı olan mədəniyyətə və avtoritar idarəçilik sisteminə arxalanaraq böyük güc statusunu Rusiyaya qaytarmaq istəyir”.
Məqalədə qeyd olunur ki, Putinin planına görə, heç kim Rusiyanı təhdid etmək, onun sonsuz sərhədlərini təhlükə altında saxlamaq iqtidarında olmamalıdır: “Rusiyanın bu gün məqsədinə çatması üçün nüvə başlıqlı qitələrarası ballistik raketləri mövcuddur. Hələ neçə il əvvəl Rusiyanın öz müdafiəsini gücləndirmək məqsədilə strateji qüvvələrini təkmilləşdirdiyi elan olunmuşdu. O vaxt bəziləri bu xəbərə istehzayla yanaşmışdı. Ancaq indi vəziyyət dəyişib və istehzalar arxada qalıb”.
“Putin sunami yaradan nüvə silahının köməyilə Rusiyanı dünya siyasətində yeni mərhələyə çıxarır” məqaləsində deyilir ki, Rusiyanın 2008-ci ildən belə silahlar üzərində işlədiyi ehtimal olunur: “Hətta göy üzü digər hərbi güclərin nəzarətində olsa belə, bu silahlar nüvə zərbəsi endirməyə qadirdir. Rusiyanın nüvə hücumu artıq dənizdən də təhlükə yaradır.
Putin 2018-ci ildə açıq-aşkar bu layihədən söz açanda bir çox Qərb ekspertləri Rusiya prezidentinin dediklərini uzaq gələcəyin xəyalları sanmışdılar. Ancaq bu gün hamı heyrət içindədir. Heç kim təsəvvür etmirdi ki, dəniz nüvə dronu “Poseydon” (bu silah həm də 2M39 kimi tanınır) belə tezliklə döyüşə hazır vəziyyətə gətirilə bilər.
“Poseydon”un daha bir üstünlüyü sürətlə və səssiz hərəkət etməsindədir. Bu özəllik onu aşkarlamağa və məhv etməyə imkan vermir.
“Poseydon” düşmən sahilinə sürətlə yaxınlaşa və nüvə sunamisi yarada bilər. Sunami nəticəsində su altında qalan ərazilər yaşayış üçün tam yararsız hala düşəcək. Nyu-York, Los-Anceles, San-Fransisko, eləcə də Şanxay, Şençjen kimi şəhərlər sahil kənarında yerləşir. Pekin isə sahildən 160 kilometr aralıdadır.
Müasir hesablamalar göstərir ki, sunami dalğasının dağıdıcı gücü 100 min kvadrat kilometr ərazini əhatə edə bilər.
Rusiya hipersəsli “Çirkon” və ya 3M22 yüksək sürətli raketləri ilə yeni cəbhə istehkamı qurur. Deyilənlərə görə, 2020-ci ildə keçirilən sınaq zamanı “Çirkon” raketinin orta sürəti saatda 6 min kilometrə çatıb. Bu raketi nüvə başlığı ilə də təchiz etmək mümkündür. Hazırda “Çirkon” raketindən müdafiə olunmaq mümkün deyil”.
“Focus”dakı məqalənin sonunda deyilir: “Rusiya bu iki yeni silahın köməyilə, hərbi yolla öz statusunu və təsir gücünü təmin edir. Rusiya prezidenti ölkəsinin müstəqilliyini ordunun köməyilə qorumağa calışır. Hərbi yeniliklər Putini məqsədinə yaxınlaşdırır.
Rusiyanın Şimala, Arktikaya doğru geosiyasi inkişafı və digər hökumətlərdən fərqli olaraq yanacağa alternativ resursun hələ tezliklə tapılmayacağını gözə alması onun iqtisadi dayanıqlığını təmin edəcək. Putin öz ölkəsini dünya siyasətinin yeni mərhələsinə yönəldir”.
Mənbə: Focus.de