UEFA Çempionlar Liqasının 2021-2022 mövsümündə Azərbaycanı Bakının “Neftçi” komandası təmsil edəcək. Novator.az onun mümkün rəqiblərinin siyahısına nəzər salıb.
“Neftçi” turnirə ilk ələmə raundunun (22-25 iyun) ardından – birinci mərhələdən (6-14 iyul) başlayacaq. Komandaya həmin raundda Xorvatiyadan “Dinamo”, Yunanıstandan “Olimpiakos”, Serbiyadan “Srvena Zvezda”, Bolqarıstandan “Ludoqorets”, İsveçdən “Malmö”, Rumıniyadan “Kluj”, Polşadan “Legiya”, Moldovadan “Şerif”, Macarıstandan “Ferensvaroş”, Şimali Makedoniyadan “Şkendiya”, Slovakiyadan “Slovan”, Gürcüstandan “Dinamo” (Tbilisi), Litvadan “Jalgiris” (Vilnüs) rəqib ola bilər.
Çexiyadan “Slaviya”, İsveçrədən “Yanq Boyz” ikinci mərhələdəki (20-28 iyul) potensial rəqiblərdir.
Üçüncü mərhələdə (3-10 avqust) “Neftçi”nin qarşısına Şotlandiyadan “Reyncers”, dördüncü mərhələdə (17-25 avqust) Türkiyədən “Beşiktaş”, Avstriyadan “Zalsburq” çıxa bilər.
Qrup raundunda (14 sentyabr-8 dekabr) bu komandaların oynayacağı dəqiqləşib: İspaniyadan “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, Almaniyadan “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), “Volfsburq”, İtaliyadan “İnter”, “Atalanta”, Portuqaliyadan “Sportinq”, “Portu”, Rusiyadan “Zenit”, Ukraynadan “Dinamo”, Niderlanddan “Ayaks”.
1937-ci ildə yaradılmış “Neftçi” üst-üstə 27 il SSRİ çempionatının güclülər dəstəsində yarışıb, 1966-cı ildə bürünc medallara sahib çıxıb. 1992-ci ildən keçirilən milli çempionatlarda 9 zəfəri var.
Komanda 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edib.