Türkiyədə həlak olan ictimai fəal Bayram Məmmədovun meyiti mayın 8-i Bakıya gətirilir. Dəfn mayın 9-na planlaşdırılıb.
Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda həbs edilib. Onlar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Bir müddət əvvəl Bayram Məmmədov Türkiyənin İstanbul şəhərinə gedib. 2021-ci il mayın 2-də o yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü, meyitinin dənizdən tapıldığı bildirilib.
Polisin məlumatına görə, Bayram Məmmədov Kadiköy rayonundakı Moda parkında gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.
Meydan.tv-nin 8 may məlumatına görə, Bayram Məmmədovun hüquqi nümayəndəsi, türkiyəli vəkil Oğuzxan Topalkara Etha18.com-a deyib ki, ölümün səbəbi hələlik dəqiq açıqlanmayıb, ancaq həkim Bayramın boğulduğunu bildirir: “Hələlik tam tibbi arayış hazırlanmayıb, ortada yazılı sənəd yoxdur. Odur ki, Bayram Məmmədovun ölümü ilə bağlı dəqiq bir şey söyləmək mümkün deyil. Rəsmi sənədin hazırlanması iki-üç ay çəkər. Polisin arxivində bir günlük itkin elanı ilə bağlı məlumat var”.
Bayram Məmmədovun ölümü ilə bağlı həqiqətləri araşdırdığını vurğulayan vəkil deyib ki, videokamera çəkilişlərini toplayır, şahidlərlə görüşərək dəlil toplamağa çalışır: “Moda parkında çalışan işçilərdən hadisəni görənlər deyir ki, Bayram Məmmədov suya düşən başmağını çıxarmaq üçün dənizə girib, daha sonra boğulub. Üzə bilməyən sahil mühafizə xidmətinin əməkdaşı aidiyyəti qurumlara xəbər verib, ancaq onlar gələnədək Bayram Məmmədov boğulub”.
Bayram Məmmədovun ölümü ilə bağlı məlumat yayılıb