“Bu həftə “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Londonda görüşüb, iki gün müzakirə apardılar. Onlar Rusiya və Çinə sözdə hücuma keçdilər, ancaq heç bir əməli addım atmadılar”. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Sky News” kanalının görüşlə bağlı şərhində belə deyilir.
G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir.
Bu ölkələrin xarici işlər nazirlərinin London görüşünün nəticələrini tənqid edən “Sky News” kanalı bildirir ki, müzakirələrin yekununda birgə bəyanat qəbul edilib: “12 min 400 sözdən ibarət bəyanatda xarici işlər nazirləri deyirlər ki, Rusiya demokratiyanı məhv etməyə, Ukraynanı isə təhdid altında saxlamağa çalışır. Bəyanatda Çin insan haqlarını pozmaqda və öz iqtisadi gücündən istifadə edib başqlarına hədə-qorxu gəlməkdə günahlandırılır. Ancaq bu bəyanatda nə Çin prezidenti Si Cinpini, nə də Rusiya prezidenti Vladimir Putini narahat edəcək heç bir nüans yoxdur.
G7 təmsilçiləri Çinin iqtisadi təzyiq siyasətinə və Rusiyanın yaydığı dezinformasiyalara qarşı kollektiv mübarizəni dəstəkləyəcəklərini, tək Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı deyil, bütövlükdə Qərbi təmsil etmək missiyasını həyata keçirəcəklərini vəd edirlər.
Onlar Tayvanın Dünya Səhiyyə Təşkilatının və Dünya Səhiyyə Assambleyasının forumlarına qatılmasına tərəfdar olduqlarını deyir, eyni zamanda Tayvan boğazında ”gərginliyi artıra biləcək birtərəfli hərəkətdən” narahat olduqlarını ifadə edirlər.
Məlumdur ki, Çin Tayvanı öz ərazisi sayır və onun beynəlxalq səviyyədə hər hansı rəsmi nümayəndəliyini tanımaqdan imtina edir.
Birgə bəyanatda nazirlər Ukraynanı da dəstəklədiklərini deyirlər, ancaq yenə Moskvanı narahat edəcək bir addım atmırlar.
Nazirlərin birgə bəyanatında deyilir: “Biz Rusiyanın məsuliyyətsiz və sabitliyi pozmağa hesablanmış davranışları davam etdirməsindən çox narahatıq. Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krım yarımadasına qoşun yığması, habelə Kremlin digər ölkələrdə demokratiya sistemlərini korlamağa yönəlmiş zərərli davranışları, kiberhücumlara, dezinformasiyalara əl atması bizi narahat edir”.
Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab öz çıxışında Çinlə bağlı bunları deyib: “Düşünürəm ki, Çin xaricə qəzəb nümayiş etdirməkdənsə güzgüyə baxacaq, diqqəti özünə, öz ölkəsində nəzərə almalı olduğu məsələlərə yönəldəcək. Dünyada beynəlxalq normalara riayət etməyin vacibliyini düşünənlərin sayı çoxalır”.
Aydındır ki, Moskva digər ölkələrin işinə qarışdığını boynuna almır və Qərbi Rusiya əleyhinə mövqe tutmaqda qınayır. Çin isə Qərbi xuliqan adlandırır, Qərb liderlərini imperiya düşüncəsində, özlərini dünyanın polisi kimi aparmaqda ittiham edir. Belə bir vəziyyətdə Qərb nə Çinə, nə də Rusiyaya tutarlı bir cavab verir. Halbuki Qərbin gücü bu iki ölkənin cəmi gücündən artıqdır.
İyun ayında Britaniya ərazisində keçirilməsi planlaşdırılan geniş sammit ərəfəsində “Böyük yeddilik” nümayədələri daha bir ciddi problemə – COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesindəki ədalətsizliklərə toxunurlar. Nazirlər vaksin istehsalını artırmaq üçün lazımi müəssisələrlə əməkdaşlıq edəcəklərini deyirlər. Ancaq onlar nəhəng əczaçılıq şirkətlərini əqli mülkiyyət hüquqlarından imtina etməyə çağırmırlar. Halbuki bəzi ölkələr peyvəndlərin daha sürətlə paylanması üçün buna çağırış edir. G7 nazirləri şirkətləri əqli mülkiyyət hüquqlarından imtinaya çağırmaqdansa şirkətlər arasında tərəfdaşlığın inkişafından danışır, qarşılıqlı razılaşdırılmış şərtlərlə könüllü lisenziyalaşdırmaya və texnoloji müqavilələrə dəstək verməyə çalışacaqlarını söyləyirlər”.
“Sky News” kanalı öz şərhində vurğulayır ki, 7 ölkənin təmsilçiləri Rusiyanın, Çinin və koronavirus pandemiyasının dünyaya ən ciddi təhlükə olduğunu bəyan etsələr də, bütün bunlar eləcə söz olaraq qalır, çünki ortada həmin təhlükələri aradan qaldıra biləcək heç bir əməli addım yoxdur.
Mənbə: News.sky.com