Prezident İlham Əliyevin 27 aprel 2021-ci il fərmanına görə, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində bu səlahiyyətlər müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib: kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi; icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi; torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması.
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində təsdiqləməlidir.
Novator.az bildirir ki, iqtisadçı Rövşən Ağayev kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi sahəsində qeyri-şəffaf münasibətlər sisteminin hökm sürdüyünü yazır: “Ölkənin rayonları üzrə icarəyə verilən kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi, keyfiyyətə görə bölgüsü, icarəyə götürən subyektlərin adları, ödənən icarə haqlarının həcmi, müqavilə müddətinə görə müqavilələrin sayı tam qapalı saxlanıb. Bu məlumatları əldə ediləcəyi heç bir açıq mənbə yoxdur. Hər bir rayonun icra hakimiyyətinin saytında hesabatlar açıqlamaq olardı. Amma kimsə buna ehtiyac duymayıb.
Qeyri-şəffaflıq və hesabatsızlıq bununla bitməyib. Torpaqlar açıq hərrac və müsabiqələr vasitəsilə icarəyə verilməli olduğu halda icarədarların torpaq üzərində icarə hüquqlarını rəqabət şərtləri əsasında qazanması faktı yoxdur.
100 minlərlə hektar dövlət torpaqları icarədədir, amma hər il büdcə bu mənbədən 3-5 milyon manat əldə edir.
İşğaldan azad edilmiş ərazilərdə də bu təcrübə davam etdiriləcək, yoxsa münasibətləri ağ səhifədən başlamağa iradə olacaq? Gözləyək və izləyək”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.