AXCP sədri Əli Kərimli mərhum siyasətçi Gözəl Bayramlıdan yazıb.
Novator.az bildirir ki, 1962-ci il aprelin 27-də doğulan Gözəl Bayramlı milli azadlıq hərəkatının (1988-1991) fəalı kimi tanınıb, AXCP-nin ümumi şöbəsinin müdiri postunu tutub, AXCP sədrinin müavini, Ali Məclisin Rəyasət Heyətinin üzvü olub.
Gözəl Bayramlı 2011-ci il aprelin 17-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə 5 sutka inzibati həbs cəzasına məhkum edilib.
2017-ci il mayın 25-də o, yenidən tutulub. Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda həbs olunan Gözəl Bayramlı qaçaqmalçılıqda təqsirli bilinərək Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il noyabrın 14-də Ali Məhkəmə qaçaqmalçılıq ittihamını qaçaqmalçılığa cəhd ittihamı ilə əvəz edərək cəza müddətini iki ay azaldıb. Gözəl Bayramlı dövlət başçısının 2019-cu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
İstər 2011-ci, istərsə də 2017-ci ildəki həbsləri Gözəl Bayramlı siyasi sifariş kimi qiymətləndirib, rəsmi ittihamları qəbul etməyib.
Gözəl Bayramlı 2020-ci il oktyabrın 7-də xəstəlikdən vəfat edib.
Özünün “Facebook” səhifəsində Gözəl Bayramlını anan Əli Kərimli yazır: “Ağır xəstə olan, dəfələrlə Gürcüstanda uzunmüddətli müalicələr almış Gözəl xanımı növbəti müayinədən qayıdan zaman şərləyib həbs etdilər. Çantasında olan dərmanlarını və reseptini əlindən aldılar. Tam iki ay müalicəsinə imkan vermədilər. Sonra da təqsirsiz, xəstə adamı 2 il həbsdə saxladılar.
Gözəl xanım azad ediləndə səhhəti çox pis idi. Onu Almaniyada müalicəyə göndərdik. Ancaq artıq gec idi, xərçəng xəstəliyi irəliləmişdi. Almaniyada bir il davam edən müalicə nəticə vermədi.
İndi siz özünüz deyin: bütün bu proses mübariz bir insanın tədricən məhv edilməsi deyilmi?
Gözəl xanım az yaşadı. Yarımçıq yaşanmış ömrünü də özü üçün yox, xalqımız üçün yaşadı. Gənc yaşlarından karyerasını (fabrikdə direktor müavini idi) azadlıq və ədalət uğrunda mübarizəyə qurban verdi. Hər zaman mübarizənin önündə, zalımların qarşısında, məzlumların yanında oldu.
Gözəl xanımın vaxtsız ölümü çox ağır itkidir. Ancaq təsəllimiz odur ki, Gözəl xanım bu qısa ömründə indiki və gələcək nəsillər üçün çoxlu nümunə yaratdı. Gözəl xanım hələ sağlığında əqidəyə sədaqətin, ən ağır zamanlarda da ruhdan düşməməyin, cəsarətin, mərdliyin, xalqa təmənnasız xidmətin simvoluna çevrilmişdi.
Gözəl Bayramlının ömrü yarımçıq qalsa da, mübarizəsi yarımçıq qalmayacaq. Əqidədaşları, bütövlükdə xalqımız Gözəl xanımın həyatını həsr etdiyi azadlıq və ədalət amalının Vətənimizdə bərqərar olmasına nail olacaq”.
Əli Kərimli 1965-ci il aprelin 28-də doğulub.
Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.
1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub.
1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.