Novator.az saytı Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc edilmiş “Son raunda qılıncını sıyırıb girən Putin istəyinə çatdımı?” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi Natalya Vasilyevadır.
Rusiya yüz min nəfərlik qoşununu Ukrayna sərhədlərindən ölkənin mərkəzindəki kazarmalara doğru çəkəndən sonra adamın ağlına gələn bu olur ki, Vladimir Putin geriyə çəkildi.
Ancaq Avropa ətrafında savaş ilk baxışdan səngimiş kimi görünə bilər.
Böyük qalmaqal ustası Putin öz qoşunlarını Ukrayna sərhədinə topladığı gündən çoxları qəhvədə fala baxmaqla bu tapmacanı çözməyə çalışırdı.
Rusiyalı hərbçilər Ukrayna sərhədindən geri çəkildikcə Kremlin qılınc gücünə son raundu başa vurduğu və istədiyinə nail olduğu təəssüratı yaranır. Putin bu taktikasıyla üç əsas hədəfinə çatmış oldu.
Birincisi, ABŞ prezidenti Cozef Bayden özü ona zəng etdi və eskalasiyanın dayandırılmasını istədi. Bu, Putin üçün ən azından paradın yaylım atəşlərinin gücünün tanınması demək idi.
Bayden prezident vəzifəsinin icrasına başladığı ilk həftələrdə Rusiyanın ünvanına sərt tənqidlər yağdırandan sonra Kreml Ukrayna ilə sərhədə qoşun göndərməklə “Bizi dəyərləndirmək lazımdır” xəbərdarlığını edirdi.
Hərbi analitik Aleksandr Qols bunu belə izah edir: “Rusiya Qərbə təzyiq göstərməyin yolunu axtarırdı və tapdı. Kremlin Ukraynada hərbi münaqişəni alovlandırmaq taktikası işə yaradı”.
Rusiya qoşunlarının sərhəddən geri çəkilməsinə bir gün qalmış Putin Qərbə yazılmamış qanunlar – “qırmızı xətlər” haqda xəbərdarlıq etdi və həddini aşanların peşman olacağını söylədi.
Baydenin telefon zəngi, medianı zəbt edən başlıqlar Putinin hərbi təhdidinin ikinci məqsədini ortaya qoydu: diqqəti yayındırmaq.
Bütün bu hadisələr Kremli müxalifət lideri Aleksey Navalnıdan diqqəti yayındırmaq istəyinə çatdırdı. Kreml bunu çoxdan gözləyirdi, çünki Aleksey Navalnının səhhəti ilə bağlı məlumatlar Rusiyanın sosial şəbəkələrində və beynəlxalq xəbərlərdə gündəmdən düşmürdü.
İndi – Putinin qatı düşməni mülki həkimlərin müayinəsindən keçəndən, rusiyalılar aprelin 21-də küçələrə axışıb Navalnıya dəstək nümayiş etdirməklə ürəklərini soyudub sakitləşəndən sonra Kreml rahat nəfəs ala bilər. Navalnı hərəkatı artıq zəifləyib.
Nəhayət, Rusiya gücləndirilmiş hərbi potensialını Ukraynaya nümayiş etdirdi. Ola bilər, Rusiya bununla Ukraynadan qisasını aldı. Bəlkə də Moskva Kiyevi inadkarlığına və mart ayında ruspərəst oliqarxın telekanallarını bağlamasına görə cəzalandırmaq istəyirdi.
Qorxu hissi getdikcə azalır və çoxları Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplamasını sadəcə hədə kimi dəyərləndirir.
Yüzlərlə hərbi texnika hələ də sərhəddən 100 kiometr aralıda dayanıb və ən azı sentyabr ayına qədər orada dayanacaq. Analitiklərin çoxu bunun qıcıq və gərginlik yaratdığı qənaətindədir.
Əslində Rusiyanın xarici siyasət iştahı elə də böyük deyil. 2014-cü ildə Krımın qısa zaman ərzində qansız-qadasız ilhaqından sonra Putinin reytinqi xeyli yüksəlmişdi. Ancaq o günlər artıq geridə qalıb.
Putin qoşunlarını sərhəddən çəkmək haqda qərarını elan edəndən bir neçə saat sonra Ukrayna prezidenti Vladimir Zelenskinin onunla döyüş bölgəsində görüşmək təklifinə cavab verdi. Putin Ukrayna prezidentinin həqiqətən də sülh sazişi bağlayacağı təqdirdə onunla görüşməyə razı olduğunu açıqladı.
Təpədən-dırnağa troll olan Putin bəyan etdi ki, Vladimir Zelenskini Moskvada görməyə çox şad olardılar. Ancaq bu, indiki mərhələdə Ukraynanın istənilən lideri üçün siyasi intihar deməkdir.
Natalya Vasilyeva
Mənbə: Telegraph.co.uk