Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində “Qərb Rusiyaya münasibətdə özünü necə aparmalıdır?” başlıqlı yazı dərc olunub. Yazının müəllifi 2014-2019-cu illərdə Almaniyanın Rusiyada səfiri olmuş Rüdiger fon Friçdir.
Novator.az-ın məlumatına görə, müəllif yazır: “Nə vaxtsa Rusiya yenə Avropa ilə isti münasibətlər qurmağa can atacaq. Ancaq indiki vəziyyətdə Kremlə qaydaları pozmağın ona nəyə başa gələcəyini anlatmaq gərəkdir. Rusiya hökmdarı vəziyyəti gərginləşdirir: ona görə ki, Ukrayna prezidenti Vladimir Zelenskinin moskvapərəst oliqarxlarla mübarizəsini özünə qarşı təxribat kimi qiymətləndirir; ona görə ki, yenə özünü ABŞ qarşısında alçaldılmış hiss edir; ona görə ki, biz rusiyalı hüquq müdafiəçilərinin taleyinə biganə deyilik, ona görə ki, Rusiyada payızda keçiriləcək parlament seçkisi ərəfəsində vəziyyət qəlizləşir, ona görə ki, Krım Ukraynasız özünü su ilə təmin etməkdə çətinlik çəkir… Bütün bunlar Kremli hərəkətə keçməyə məcbur edir”.
Sabiq səfir yazır ki, Rusiyanın vərdişkar olduğu xarici siyasət modeli yenidən işə düşüb: “Bu isə böyük strategiyaya yox, kiçik taktiki variantlara hesablanan bir modeldir: rəqibi çaşqınlıq içində saxlamaq, onu sınamaq, qarşı tərəfin son reaksiyasını gözləyib axırda buna uyğun addım atmaq. Məsələn, 2014-2015-ci illərdə Qərbin qətiyyətli mövqe tutması vəziyyəti çox pisləşməyə qoymadı”.
“Bu gün Rusiya öz beynəlxalq əhəmiyyətini itirmək riskinə gedir” yazan müəllif diqqəti Rusiyanın iqtisadi durumuna yönəldir: “Rusiyanın iqtisadi modeli dayanıqlı deyil, islahatların anonsu verilir, amma bütün bu vədlər korrupsiya, bürokratiya girdabında itib batır, ayrı-ayrı fərdi təşəbbüslər boğulur. Moskva yaxşı anlayır ki, yalnız Çin kartına güvənmək uzaq perspektivdə nəyə gətirib çıxara bilər. İqtisadiyyatı İtaliya iqtisadiyyatından da zəif olan Rusiya sürətlə inkişaf edən Çinlə bərabərhüquqlu alyans qura bilməz. Rusiya artıq Çinin “İpək yolu” layihəsinin iştirakçısı yox, bir obyektidir.
Moskva bunu heç vaxt etiraf etməsə belə dünyada günü-gündən güclənən rəqabət şəraitində gələcəkdə yenə Avropa ilə tərəfdaşlığa getməyi düşünməli olacaq. O vaxtacan isə bizim siyasətə üç şey lazımdır. Birincisi, səbir etmək, uzaqgörən olmaq, çünki Rusiya siyasətində dəyişiklik bir günün içində baş verəsi deyil. İkincisi, transatlantik birliyin gücü hesabına Rusiyanın pozucu fəaliyyətlərinə kəskin cavab vermək. Əgər Kreml Ukraynaya qarşı hərəkətə keçəcəyini istisna etmirsə, onda bunun ona nəyə başa gələcəyini bilməlidir.
Variantlar isə masadadır. Qərb Rusiyadan həvəslə dövlət istiqrazları alır və Rusiya bundan böyük xeyir götürür. Rusiyada hakimiyyətə yaxınlığı sayəsində hədsiz varlanmış kiçik bir qrup Qərbin cah-cəlalından həzz ala bilməyəndə bərk dilxor olur. SWİFT qlobal şəbəkəsi olmadan Rusiyanın maliyyə institutları beynəlxalq müqavilələr bağlaya bilməz”.
“Şimal axını 2” qaz kəməri layihəsinə gəlincə, müəllif hesab edir ki, bu layihəyə sanksiya qoyulsa, Rusiyanın enerji daşıyıcılarının satışından gəliri azalsa, bu tək Rusiya üçün deyil, həm də Almaniya və bütün dünya iqtisadiyyatı üçün dramatik nəticələrə gətirib çıxaracaq: “Bunu nəzərə almaq lazımdır”.
Daha sonra sabiq səfir yazır: “Rusiyaya münasibətdə bizim siyasətimizin üçüncü elementi daima dialoqa hazır vəziyyətdə olmaqdır. Son illərin hadisələri və indiki gərginlik fonunda bu, çoxlarına sadəlövh bir yanaşma kimi görünə bilər. Amma qapını çırpıb getməklə məsələ həll olunmur. Dialoqa hazır olmalı, həmin gün gəlib çatana qədər isə indi Kreml hakimlərinin əsassız dəlillərlə bizə təlqin etmək istədiklərinə fikir vermədən Qərbə, Almaniyaya yaxın olan bu böyük ölkənin təqiblərə məruz qalmış vətəndaş cəmiyyətinə mümkün olan hər bir yardımı etməliyik”.
Mənbə: Faz.net