Dünya Bankı Azərbaycan üçün “ağıllı kənd” analizi hazırlayıb, perspektivləri qiymətləndirib. Novator.az-ın məlumatına görə, təhlilə nəzər salan iqtisadçı Rövşən Ağayev yazır ki, kəndlərdə informasiya texnologiyalarının zəifliyi əsas problemlərdən biri kimi görünür: “İnternetə çıxış şəhərlərlə müqayisədə 20 faiz aşağıdır. Mobil rabitənin ucuz olmadığı görünür. Azərbaycan Dünya Telekommunikasiya İttifaqının reytinqində mobil xidmətlər səbətinin aylıq dəyərinə görə 8,8 dollarla 184 ölkə arasında 70-ci yerdədir, internetin sürətinə görə isə 175 ölkə arasında 111-cidir.
Mobil telefon istifadəçilərinin 42 faizi genişzolaqlı mobil internetdən yararlanır. Mobil internetdən istifadə üçün qiymətlərin əlverişli olması yetərli deyil, gərək internetdən istifadəyə imkan verən “ağıllı cihazlar” da bütün istifadəçilərdə olsun.
Cəmi 20 faiz istifadəçinin yüksək sürətli fiber-optik internet xətlərinə çıxışı var. Yerdə qalan istifadəçilər internetə köhnə texnologiyaların bazasında girir.
Ölkədə bütün mobil telefon istifadəçilərinin 65 faizi yalnız bir nömrənin, 35 faizi isə iki və daha çox mobil nömrənin abunəçisidir”.
Ekspert qeyd edir ki, Dünya Bankının Azərbaycanın “ağıllı kənd” ideyasına hazırlıq səviyyəsi üzrə indeksi 150-yə yaxın indikator əsasında qiymətləndirmədə hazırlanıb, yerli inkişaf üçün iqtisadi resurslar, infrastruktur və xidmətlər, insan kapitalı, iqtisadi potensial, idarəetmə istiqaməti (sosial kapital, icmaların səfərbərlik səviyyəsi) təhlil olunub: “Hazırlıq səviyyəsinə görə ilk yerdə qərarlaşan kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 75 faiz, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 75 faiz, insan kapitalının yetərliliyi 86 faiz, iqtisadi potensialın yetərliliyi 91 faiz ətrafında qiymətləndirilir.
İkinci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 45 faiz, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 62 faiz, iqtisadi potensialın yetərliliyi 73 faiz, insan kapitalının yetərliliyi 64 faiz ətrafında qiymətləndirilir.
Üçüncü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 53 faiz, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 42 faiz, iqtisadi potensialın yetərliliyi 41 faiz, insan kapitalının yetərliliyi 33 faiz ətrafında qiymətləndirilir.
Dördüncü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 19 faiz, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9 faiz, iqtisadi potensialın yetərliliyi 2 faiz, insan kapitalının yetərliliyi 36 faiz ətrafında qiymətləndirilir.
Beşinci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 30 faiz, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9 faiz, iqtisadi potensialın yetərliliyi 9 faiz, insan kapitalının yetərliliyi 17 faiz ətrafında qiymətləndirilir”.
Azərbaycanda “ağıllı kənd” ideyası 2020-ci ildə, ölkənin cənub-qərb bölgəsi işğaldan azad olunanda aktuallaşıb. 2021-ci ilin fevralında Zəngilan rayonunda ilk “ağıllı kənd” layihəsinin icrasına başlanıb. Üçüncü Ağalı kəndində icra olunan layihə yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələrini əhatə edir.