İsa Qəmbər
Oxumaq! Oxumaq! Yenə də oxumaq! Mürəkkəb görünən bir çox sualın cavabını öyrənmək üçün sadəcə oxumaq və yadda (arxivdə) saxlamaq lazımdır.
İndi hamı Şuşaya atılmış “İskəndər-M” raketindən danışır, siyasilər və ekspertlər, dövlət rəsmiləri və hərbçilər raketləri kimin (Rusiyanın və ya Ermənistanın) atdığını, əgər Ermənistan atıbsa, bu raketlərin beynəlxalq razılaşmalara zidd olaraq ona nə vaxt və niyə verildiyini müzakirə edir.
Sən demə, bu sualın cavabı Rusiyanın “Kommersant” qəzetinin 8 sentyabr 2018-ci il sayında dərc olunmuş məqalədə var.
Sən demə, Rusiya 2016-cı ildə belə bir addım atmağa, Ermənistana bu təhlükəli raketləri verməyə “məcbur olub” ki, Azərbaycanla Ermənistan arasında hərbi paritet yaratsın. Axı tərəflər arasında hərbi paritet olmasa, Qarabağ münaqişəsi bitə bilər və Moskvanın Cənubi Qafqaza əsas təzyiq vasitəsi aradan qalxardı.
Bu qədər bəsit!
Xanımlar və bəylər, mətbuatı oxuyun və qoruyun!
Hakimiyyətlər, mətbuata basqılardan əl çəkin!
1957-ci il təvəllüdlü İsa Qəmbər tarixçidir, Milli Elmlər Akademiyasının elmi işçisi olub.
Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri postunu tutub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub, hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.