ABŞ-ın “The National İnterest” jurnalında “Rusiya-Ukrayna müharibəsinə doğru?” başlıqlı yazı dərc olunub.
Novator.az-ın məlumatına görə, müəllifi Mark Yepiskopos olan yazıda deyilir ki, Moskva ilə Qərb arasında hərbi gərginliyin artdığı bir zamanda Rusiyanın hərbi qüvvələri Baltik dənizində ard-arda təlimlər keçirməkdədir: “Son təlimlərə Rusiyanın Baltik qüvvələrinin aviasiya birləşmələri cəlb olunub. Kalininqrad vilayətinin hərbi poliqonundan havaya qalxan Su-30SM və Su-24 bombardmançı döyüş təyyarələrinə düşmənin şərti infrastrukturunu, digər iri hədəfləri, komanda məntəqlərini və mühəndis istehkamlarını dağıtmaq tapşırığı verilib. Rəsmi məlumata əsasən, 10-dan çox qırıcının, bobardmançı təyyarənin cəlb edildiyi döyüş təlimlərində hava hücumları vasitəsilə şərti düşmənin komanda məntəqlərinə yüksək dəqiqliklə zərbələr endirilib, şərti düşmənin canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Təlim iştirakçıları nəzərdə tutulan bütün hədəfləri sıradan çıxara biliblər”.
Yazıda deyilir ki, Rusiya Baltik dənizi bölgəsində hərbi təlimləri mart ayının ikinci yarısından intensivləşdirib. Təlimlərin ilkin mərhələsində Rusiya donanmasına məxsus “Aleksin” və “Kabardin-Balkar” gəmiləri şərti düşmənin sualtı qayıqlarını, gəmi əleyhinə müxtəlif növ dağıdıcı silahlarını, raket daşıyan hərbi gəmilərini, eləcə də “RBU-6000” kompleksini dənizdə aşkara çıxararaq məhv edə bilib.
Baltik donanmasının mətbuat xidməti bu cür təlimlərin əvvəllər də tez-tez keçirildiyini və şərti düşmənin hücumuna qarşı hazırlıqların bundan sonra da gücləndiriləcəyini açıqlayıb.
“The National İnterest”in məqaləsində hərbi təlimlərin keçirildiyi poliqonun əhəmiyyəti də vurğulanır: ”Kalininqrad vilayəti Rusiyanın mərkəzi Avropada anklavıdır. Burada toplanan böyük hərbi qüvvə və silahlar haqlı olaraq NATO-nu çoxdan narahat edir”.
Məqalədə Rusiyanın regionda fəllığının bununla yekunlaşmadığına, Rusiya Qərb Hərbi Dairəsinin sentyabrda Belarus Hərbi Qüvvələrinin iştirakı ilə “Qərb-2021” adlı təlimlər keçirməyi planlaşdırdığına diqqət çəkilir: “Hələ 2016-cı ildə ABŞ-ın strateji tədqiqatlarla məşğul olan RAND təşkilatının yaydığı hesabatda bildirilib ki, Rusiya hərbi fəallığını artıraraq NATO-nun şərq cinahında möhkəmlənib və bütün bunlar Moskvaya Baltik bölgəsində taktiki gedişlər etmək imkanı qazandırıb. Rusiya Qərb Hərbi Dairəsi bu ərazidə NATO-nun güclü rəqibi hesab olunur”.
Yazıda xatırladılır ki, Rusiya ilə Belarus sonuncu dəfə “Qərb” təlimlərini 2017-ci ildə keçirib: “Həmin təlimlərdə 680 adda hərbi texnika, həm Rusiya, həm də Belarus hərbçilərindən ibarət 13 min canlı qüvvə cəlb olunub. RAND təşkilatının 2016-cı il hesabatına görə, NATO-nun Rusiyanın Baltikyanı ölkələrə geniş miqyaslı müdaxiləsinə lazımınca cavab vermək imkanı yoxdur, hərçənd Rusiyanın belə bir müdaxiləni reallaşdıracağı ehtimalı da azdır”.
Məqalədə qeyd olunur ki, son zamanlar Baltikyanı ölkələr hərbi büdcələrini artırsa da, Rusiyanın qərb sərhədlərində hərbi cəhətdən güclənməsi bu kimi tədbirləri puça çıxara bilər.
Yazıda vurğulanır ki, hazırda Rusiya ilə Qərb arasında gərginlik təkcə Baltik regionunda müşahidə edilmir: “Kiyev və Moskva yenidən müharibəyə hazır vəziyyətdə dayanıb. Ukraynanın separatçı rejimin nəzarətində olan Donbas bölgəsində silahlı qarşıdurma kəskinləşib. Rusiya isə 2014-cü ildə işğal etdiyi Krım bölgəsinə bir ucdan qatarlarla hərbi texnika göndərir…”
Mənbə: Nationalinterest.org