“Moskva öz qoşunlarını Rusiya-Ukrayna sərhədinə yığır. Ukrayna dövləti və ölkədəki separatçı qüvvələr bir-birini hücumlarda ittiham edir. İlk baxışdan təxribata bənzəyən bu situasiya hansısa məqamda yeni rus işğalının başlanğıcı ola bilər”. Almaniyanın “Die Welt” qəzetində dərc olunmuş “Putinin qoşun çəkməkdə məqsədi təkcə güc nümayiş etdirmək deyil” adlı məqalədə belə deyilir.
Novator.az-ın məlumatına görə, müəllif Pavel Lokşin yazır ki, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov tez-tez özünü bir sıra məsələlərdə məlumatsız hiss edir, ona görə də jurnalistlərin verdiyi sualları ya başqa dövlət qurumlarına yönəldir, ya da eləcə Kremlin bu mövzuda informasiyaya malik olmadığını deməklə kifayətlənir: “Rusiya-Ukrayna sərhədində baş verən son hadisələr haqda suala isə Peskovun cavabı qısa və konkret oldu. O dedi: “Rusiya ordusu Rusiya ərazisi boyunca irəliləyir və lazım bildiyimiz istiqamətlərə qədər irəliləyəcək”. Peskov eyni zamanda əlavə etdi ki, bu hərəkətlənmə heç kimdə narahatlıq yaratmamalıdır, çünki Rusiya heç bir ölkəyə, eləcə də Ukraynaya təhdid yaratmır”.
Ancaq müəllif qeyd edir ki, Ukraynanın paytaxtı Kiyevdə rusların yeddi il öncə ukraynalıların başına gətirdiklərini unutmayıblar – ölkədə Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə silahlı münaqişə 14 mindən çox insanın həlak olması, 1 milyon 700 min adamın qaçqın, köçkün düşməsi ilə nəticələnib: “Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın növbəti eskalasiyasını son illərin ən iri hərbi fəallığı kimi qiymətləndirib. Britaniyalı politoloq Ceyms Şerr də Rusiyanın status-kvonu, Minsk razılaşmasını pozacağını düşünür. Politoloqun fikrincə, Rusiyanın əsas məqsədi marionet Donbas “hökumət”inin vasitəsilə Ukrayna siyasətinə təsir göstərmək və bu ölkənin NATO-ya gedən yolunu bağlamaqdır.
Moskvanın rahatsızlığının bir səbəbi də Ukraynanın daxili siyasətində cərəyan edən proseslərdir. İki il öncə Vladimir Zelenskinin Rusiyaya qarşı kəskin mövqeyi ilə seçilən Pyotr Poroşenkonu prezident postunda əvəz etməsi Moskvanın gözlədiyi nəticəni vermədi: Zelenski zəif olmadı və Rusiya ilə dostluğa can atmadı. Əksinə, Zelenskinin ən azı bu ildən yeni xarici siyasət kursu düşündüyünü görməmək mümkün deyil, bu həm də ona zəifləyən reytinqini bərpa etmək üçün lazımdır”.
Son zamanlar Zelenskinin Putinin adamlarına, Ukraynada Putinin maraqlarını təmsil edənlərə qarşı açıq tədbirlər gördüyünü yazan Pavel Lokşin Rusiya prezidentinin “ukraynalı dostu” oliqarx Viktor Medvedçukun hesablarının dondurulmasını, onun ruspərəst telekanallarının fəaliyyətinin dayandırılmasını xatırladır.
Müəllif vurğulayır ki, Moskva Kiyevin Vaşinqtondan – yeni Bayden administrasiyasından ruhlanıb bu gedişləri etdiyini düşünür: “Bəs Putin nə planlaşdırır? Kremlin rəhbəri həqiqətənmi güc nümayiş etdirməklə eləcə Zelenskiyə təzyiq göstərib onu çəkindirmək istəyir? Əgər plan belədirsə, onda nəticə göz önündədir – plan işləmir.
NATO-nun baş katibi Yens Stoltenberqlə son görüşündə Vladimir Zelenski alyansı “Donbasda müharibəyə son qoya biləcək yeganə yol” adlandırdı. Daha sonra o, NATO-nu Ukraynanın bu hərbi ittifaqa qoşulmasına rəvac verməyə çağırdı. Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya qoşulması prosesinin başlanması Rusiya üçün əsl siqnal olardı.
Moskva ümid edir ki, belə bir məqamda Zelenskini təxribata çəkib onu Donbasa hücum etməyə yönəltsin, nəticədə Rusiyanın cavab zərbəsi endirməsinə əsas yaransın. Yəni Rusiya Ukrayna torpağında “xalq respublikası” adı altında qurulmuş separatçı rejimlərin tabeliyində yaşayan Rusiya vətəndaşlarını müdafiə etmək bəhanəsi ilə həmin torpaqları ya ilhaq etsin, ya da ora “sülhməramlı qüvvə” yeritsin. Məsələ burasındadır ki, son illərdə separatçıların nəzarət etdiyi ərazilərdə 400 mindən çox adam Rusiya vətəndaşlığı alıb”.
Məqalədə amerikalı hərbi ekspert Maykl Kofmanın fikirləri də yer alır. Ekspert Rusiya qoşunlarının Krımda toplaşmasından daha çox narahat olduğunu qeyd edir. O, Putinin bununla təkcə güc nümayiş etdirmək fikrində olduğunu düşünmür, amma ciddi bir toqquşmanın baş verəcəyinə də inanmır.
Politoloq Ceyms Şerr isə hesab edir ki, Rusiyanın eskalasiyasında məqsəd nə yolla olur-olsun Donbasa “sülhməramlı” adı altında qoşun yeritməkdir: “Bu yolla Moskva münaqişəyə yeni format verə və indən belə də Ukrayna siyasətində sabitliyi pozmağa gücü yetəcək bir faktor kimi qala bilər”.
Mənbə: Welt.de