ABŞ-ın bəzi şirkətlərində işçiləri koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə cəlb etmək üçün müxtəlif stimulverici metodlardan istifadə olunur. Novator.az saytı bu mövzuda CNN kanalının internet səhifəsində yerləşdirilmiş yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazının müəllifi Ramişah Marufdur.
ABŞ-ın bir sıra şirkətlərində işçiləri vaksinasiyaya məcbur edib-etməmək mövzusunda müzakirələr aparılır. Yel İnstitutunun rəhbərliyinin keçirdiyi sorğu göstərib ki, iri şirkətlərin 70%-nin rəhbəri məcburi peyvəndləməyə müsbət yanaşır.
ABŞ Hava Yollarının baş direktoru Skot Kirbi bu ilin yanvarında investorlarla görüşü zamanı peyvəndləmənin məcburi qaydada aparılmasını iri şirkətlər üçün ən düzgün variant hesab etdiyini açıqlayıb.
Ancaq böyük şirkətlərin heç də hamısının rəhbəri məcburi vaksinasiya ideyasını dəstəkləmir. Bəzi şirkətlərdə əməkdaşları peyvənd olunmağa cəlb etmək üçün stumulverici metodlardan istifadə olunur.
Məsələn, peyvənd olunan işçilərinə hədiyyə kartları verən şirkətlər var. Əməkdaşlarını vaksinasiya məntəqələrinə havayı aparmaq təklifini edən şirkətlər də mövcuddur. Bəzi şirkətlər isə işçilərinə peyvənd olunmaları üçün pul verir.
ABŞ-ın “ALDI” mağazalar şəbəkəsi yanvar ayında əməkdaşlarına peyvənd olunmaq üçün 4 saatlıq ödənişli fasilə verir. Şəbəkə bununla nümayiş etdirir ki, vaksinasiya prosesi işçilərin fəaliyyətinə və ya maaşına mənfi təsir göstərmir.
1,3 milyon işçini təmsil edən Beynəlxalq Qida və Ticarət İşçiləri İttifaqının məlumatına görə, hazırda ABŞ-ın yalnız 13 ştatı marketlərdə çalışanlara peyvənd olunmağı təklif edir.
ABŞ Hava Yollarının peyvənd olunan işçiləri gələn il əlavə bir gün tətil və 50 dollar pul qazanacaqlar. Şirkətin əməliyyat bürosunun direktoru Devid Seymur hesab edir ki, Hava Yollarının əməkdaşları mütləq şəkildə peyvənd olunmalıdırlar.
ABŞ-ın “Amtrak” dəmir yolları şirkəti peyvəndləndiyini sübut edən işçilərinə 2 saatlıq əməkhaqqi mükafatı verir və iş saatlarında peyvənd olunanları evə buraxır.
“Wall Street Journal”ın məlumatına görə, ABŞ-ın soyuq içkilər üzrə ixtisaslaşmış “Bolthaus Farms” fermer təsərrüfatı şirkəti peyvənd olunduğunu sübut edən əməkdaşlarına 500 dollar mükafat verir. Şirkət öz ərazisində vaksinasiya prosesi aparılması üçün səyyar klinikalar da təşkil edir.
Kənd yerlərində pərakəndə satışla məhşurlaşmış “Dollar General” şirkəti işçilərinə peyvənd olunmaları üçün 4 saatlıq iş təqaüdü verir. Ancaq şirkət məcburi peyvəndləməyə cəlb edəcəyi işçilərinin sayının 150 mini aşmayacağını bəyan edib.
“Dollar General” mətbuata açıqlamasında bəyan edib ki, şirkət əməkdaşların “ya vaksin vurdurmaq, ya da işə gəlmək” kimi bir seçim qarşısında qalmalarını istəmir.
Ərzaqların daşınması və çatdırılması ilə məşğul olan “İnstacart” şirkəti bu ilin fevralında alıcılarına və müstəqil podratçılarına “vaksinə dəstək” adı altında 25 dollarlıq mükafat verib. Bu mükafatı qazanmaq üçün alıcılar 30 gün ərzində beş dəfə mağazadan alış-veriş etdiyini və peyvənd olunduğunu sübut etməlidirlər.
ABŞ-ın “Kroger” supermaketlər şəbəkəsinin əməkdaşları peyvənd olunduqlarına dair sübut təqdim etdikdən sonra 100 dollar qazanırlar. Dini inancına və ya sağlamlıq problemlərinə görə peyvənd oluna bilməyən işçilər ödənişi “Kroger”in təşkil etdiyi təhlükəsizlik və sağlamlıq kurslarında iştirak etdikdən sonra alırlar.
“Kroger”in baş həkimi Mark Vatkins mediaya açıqlamasında COVİD-19 infeksiyasının qarşısını almaq üçün satıcıları və şirkətin ortaqlarını israrla peyvənd olunmağa çağırıb. O, əməkdaşlıq etdikləri insanların qısa zamanda peyvənd olunmaları üçün əllərindən gələni edəcəklərini söyləyib.
“Lidl” ərzaq mağazaları şəbəkəsi bu ilin yanvar ayında vəd etdiyi kimi, peyvənd olunan işçilərinə maaşdan əlavə 200 dollar vəsait verir. ABŞ-ın şərq sahilindəki ştatlarında yerləşən “Lidl”in ümumilkdə 125 mağazası var. Keçən ilin mart ayında şirkət işçilərinə COVİD-19 barədə pulsuz və ətraflı tibbi məlumat vermək üçün ən böyük tibbi sığorta şirkətlərindən olan “CareFirst BlueCross BlueShield” şirkətini əməkdaşlığa cəlb etmişdi.
“McDonald’s” şirkətinin restoranlarında və ofislərində çalışan işçilər peyvənd olunmaq üçün 4 saatlıq ödənişli istirahət qazanırlar.
ABŞ-ın cənub bölgəsində yerləşən məşhur “Publix” marketlər şəbəkəsi peyvənd olunduğunu sübut edən əməkdaşlarına 125 dollarlıq hədiyyə kartı verir.
ABŞ-ın “Target” pərakəndə satış şəbəkəsi işçilərini vaksinasiya məntəqlərinə pulsuz aparır. Eyni zamanda şirkətin amerikalı işçiləri “Lyft” nəqliyyat firmasından 15 dollarlıq pulsuz gediş-gəliş haqqı əldə edirlər. Günəmuzd işləyən əməkdaşlar isə peyvənd olunmaq üçün 4 saat işdən ayrıla bilərlər, bu zaman onlar həmin saatların ödənişindən məhrum olmurlar.
“Target”in kadrlar şöbəsinin rəisi Melissa Kremer ötən il olduğu kimi, bu il də işçilərin maaşına, sağlamlığına və ehtiyaclarına vəsait ayrılacağını bəyan edib.
Mərkəzi qərargahı Kaliforniyada yerləşən “Trader Joe’s” mağazalar şəbəkəsi işçilərinə peyvəndin hər dozasına görə 2 iş saatı həcmində ödəniş edir.
Ramişah Maruf
Mənbə: CNN.com