Rəsmi məlumata görə, Şuşa şəhərində bərpa və yenidənqurma aparılır, o cümlədən yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binalar sökülür.
Şuşa şəhəri 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı düşməndən təmizləyib.
2021-ci il yanvarın 19-da dövlət başçısı İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəliklərini yaratmağa fərman verib. Fərmana görə, xüsusi nümayəndəliklərə rəhbərliyi prezidentin vəzifəyə təyin etdiyi və birbaşa ona tabe olan xüsusi nümayəndələr həyata keçirir. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun təmsilçisi, dövlət başçısının verdiyi səlahiyyətlərin icraçısıdır.
Yanvarın 27-də Aydın Kərimov Azərbaycan prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi postuna təyinat alıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, Şuşanın yenidən qurulması şəhər camaatı ilə məsləhətləşmə əsasında aparılmalıdır: “Gerçək Vətən sevgisinin nə olduğunu bilənlər bilir. Vətən sevgisi ilk olaraq insanın doğulduğu, böyüdüyü evə, məhəlləyə, küçəyə, kəndə, rayona sevgidən başlayır, sonra da Vətən torpaqlarının hər qarışına şamil olur. Mən hər zaman şuşalıların öz evlərinə dönərkən yaşayacağı emosiyaları təsəvvür etməyə çalışmışam. Hətta ona təsəlli kimi baxmışam ki, işğal olunmuş şəhər və kəndlərimizdən heç olmasa tək Şuşa tam dağıdılmayıb, şuşalılar öz evlərinə qayıda biləcək.
Aydındır ki, Şuşada böyük təmir-bərpa işləri görülməlidir. Şuşanın mədəniyyət, turizm, həm də hərbi qarnizon mərkəzi olaraq inkişafına böyük sərmayə qoyulmalı, infrastruktur ya yenilənməli, ya da bərpa edilməlidir. Bu işlərə etiraz edən yoxdur.
Etiraz birinci onadır ki, Şuşaya getmək indi təhlükəsiz olsa da, şuşalılar oraya buraxılmır, 28 illik həsrətdən sonra ev-eşiklərini, məhəllələrini, şəhərlərini görmək sevincini yaşaya bilmirlər.
İkincisi, şuşalılar evlərinə qayıtdıqdan sonra Şuşanın yenidən qurulması onlarla məsləhətləşilməli idi. Xüsusilə də “çoxmənzilli evlərin və köhnə məhəllələrin hər birinin sökülüb yenidən tikilməsi, yoxsa dövlətin köməyi ilə bərpa olunması” qərarı şuşalıların iştirakı ilə verilməli idi. Bu haqqı onlardan almaq olmaz.
Ölkədə bütün qərarlar yalnız bir, uzağı iki adamın istəyinə, zövqünə, maraqlarına görə veriləndə, belə eybəcər səhvlər edilir. Şuşalılar Şuşanı görmədən şəhəri sökmək barbarlıqdır. Bu barbarlıq dayandırılmalı, Şuşadakı təmir və yenidənqurma işləri şuşalılarla razılaşdırılmalıdır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.