Koronavirus pandemiyası kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğul olan fermerlərin də işinə ziyan vurub. Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər bir çox yerdə məhsulun həm yığımına, həm də satışına əngəl törədib. İsrailin “Yerusəlim Post” qəzeti yazır ki, bu ölkədə xiyar yetişdirməklə məşğul olan fermer ailələri məhsulun sahələrdə qalıb zay olacağını görüncə orijinal üsula əl atıblar.
Novator.az-ın məlumatına görə, qəzet bildirir ki, pandemiya otellərin, restoranların, məclis keçirilən məkanların, hətta xəstəxana yeməkxanalarının da qapanması ilə nəticələnib. Ona gorə də fermerlərin tonlarla məhsulu ortalıqda qalıb, onlar çıxılmaz vəziyyətə düşüblər. İsrailin xiyar yetişdirməklə məşğul olan yüzdən çox fermer ailəsi bu vəziyyətdən xeyirxah məqsədlə yararlanmaq – sahələrdə qalmış məhsulu yığıb xalqa bağışlamaq qərarına gəlib. Bundan ötrü fermerlər İsrailin Milli Ərzaq Bankı olan “Leket İsrail”ə müraciət ediblər.
“Leket İsrail” könüllüləri toplayaraq xiyar əkilmiş sahələrə gətirib. Könüllülər məhsulu iri maşınlara doldurub ölkə boyu əhaliyə pulsuz paylamağa başlayıblar.
“Yerusəlim Post” yazır: “Əlbəttə, fermerlər öz məhsullarını satmaq istəyərdilər. Ancaq bunun mümkün olmayacağını biləndə əməyin puça getməməsi, ehtiyacı olan insanlara fayda verməsi üçün xeyriyyəyə keçdilər və bu, fermerlərdən ötrü bir təsəlli oldu”.
Qəzet vurğulayır ki, “Leket İsrail” zəifi darda qoymamaq, ehtiyacı olana yardım etmək, zərər çəkənlərin dərdinə şərik çıxmaq missiyasını yerinə yetirir. Təşkilat 2019-cu ildə hər həftə 175 min insanı ərzaq və ya hazır qida ilə təmin edib. 2020-ci ildə, koronavirus pandemiyası dövründə isə “Leket İsrail” həftədə 250 minə yaxın insana xidmət göstərib.
Təşkilat 2020-ci ildə 18,5 min ton təzə meyvə-tərəvəz tədarük edib. 2019-cu ildə bu göstərici 15,5 min ton olub.
İsrail əhalisinin sayı 9 milyon nəfərdən artıqdır. Ölkədə koronavirus infeksiyasına indiyədək 833 min 456 adam yoluxub. Onlardan 6220 nəfəri vəfat edib.
Koronavirusa qarşı vaksinasiya prosesində İsrail dünyada birinci yeri tutur.
Ölkədə 1 milyona yaxın işsiz var.
Mənbə: Jpost.com