2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Bu il aprelin 2-dək 263961 yoluxma olub, 3593 xəstə vəfat edib.
Novator.az bildirir ki, rəsmi statistikaya görə, yoluxmaların 53,7%-i paytaxt Bakının, 12,9%-i Abşeron bölgəsinin, 12,4%-i Aran bölgəsinin, 7,8%-i Gəncə-Qazax bölgəsinin, 3,5%-i Şəki-Zaqatala bölgəsinin, 2,9%-i Quba-Xaçmaz bölgəsinin, 2,7%-i Lənkəran bölgəsinin, 2,4%-i Dağlıq Şirvan bölgəsinin, 1,4%-i Yuxarı Qarabağın, 0,04%-i Naxçıvan Muxtar Respublikasının payına düşür.
Ölkədə xüsusi karantin rejimi qüvvədədir. Sərhədlər qapadılıb, dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, başqa qadağalar qoyulub.
Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya qayıdır.
Azərbaycanda təhsil müəssisələri 2020-ci il martın 3-dən qapadılıb. Həmin il sentyabrın 15-dən başlayaraq təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələlərlə əyani formaya dönüb. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il qərarı ilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi yenə distant formaya keçirilib.
2021-ci il yanvarın 22-də Nazirlər Kabineti təhsil müəssisələri ilə bağlı yeni qərar verib. Qərara əsasən, fevralın 1-dən ümumi təhsil müəssisələrində ənənəvi tədris tədricən bərpa olunub.