Koronavirusun qulaqdakı küylə əlaqəsi varmı? – “Nyu-York Tayms”
- 01 Aprel 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərhYazarlar
Alimlər koronavirusun qulaqda küy yaradıb-yaratmadığını araşdırırlar. Bir iş adamının intiharı bu araşdırmaları daha da aktuallaşdırıb. Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetinin bu mövzuya həsr etdiyi yazısını ingiliscədən çevirərək təqdim edir. Yazının müəllifi Devid Siqaldır.
“Texas Roadhouse” restoranlar şəbəkəsinin təsisçisi və icraçı direktoru Kent Teylorun intiharı koronavirus infeksiyası ilə tinnitus arasında əlaqənin ola biləcəyi ehtimalını doğurub.
Tinnitus – tibbi termindir, qulaqlarda daima küyün, uğultunun eşidilməsini ifadə edir.
Kent Teylorun ailə üzvləri deyirlər ki, biznesmen koronavirusa yoluxandan sonra bir sıra simptomlardan, o cümlədən kəskin tinnitusdan əziyyət çəkirmiş. Yaxınları Kent Teylorun vəziyyətinin dözülməz həddə çatdığını vurğulayırlar.
Tinnitus COVİD-19 infeksiyasının simptomlarına daxildirmi? Bu simptom xəstəliyin hansı dövründə üzə çıxır?
Bütün bu suallara hələ ki, cavab tapılmayıb.
Dünya Səhiyyə Təşkilatı, eləcə də ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi tinnitusu koronavirusun simptomu hesab etmir. Ancaq digər infeksiyalar zamanı da eşitmə problemlərinə tez-tez rast gəlindiyi bəllidir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti COVİD-19 infeksiyasından uzun müddət əziyyət çəkən insanların üzləşdiyi simptomlar arasında yorğunluq, təngnəfəslik, başgicəllənmə və digər simptomlarla yanaşı tinnitusun da adını çəkib.
Son dövrlər koronavirus simtomları üzrə aparılan tədqiqatlar göstərib ki, tinnitus infeksiyanın əlaməti ola bilər.
60 yoluxma faktını və bir sıra nümunələri nəzərdən keçirən “İnternational Audiology” jurnalının bugünlərdə dərc etdiyi nəticələrə əsasən, COVİD-19 infeksiyasına yoluxmuş yetkin yaşlı insanların 15 faizi tinnitusdan əziyyət çəkdiyini deyib.
Tədqiqatçıların “İnternational Audiology” jurnalındakı məqalədə yazdığına görə, pasiyentlər tinnitusu ya yeni simptom kimi təsvir ediblər, ya da qulaqda küyün xəstəliyin kəskinləşməsi nəticəsində yarandığını bildiriblər. Ona görə də alimlər pasiyentlərin söylədiklərini yoxlamaq üçün 60 nəfərin sonrakı vəziyyətini nəzarətdə saxlamaq qərarına gəldiklərini açıqlayıblar.
Tədqiqatın müəlliflərindən biri, Mançester Universitetinin audiologiya üzrə professoru Kevin Manro deyir: “Biz tədqiqatın nəticələrini dərc edəndən sonra bir sutkada elektron poçtuma 100-dək məktub gəldi. Məktub müəlliflərinin demək olar hamısı eyni sözü yazır: sizin araşdırmanız məni çox sevindirdi, çünki qulağımda uğultu hiss edib xəstəxanaya gedəndə həkim mənə ağlımı itirdiyimi söyləmişdi. İndi isə bilirəm ki, bu problemi yaşayan təkcə mən deyiləm”.
Bəzi nəticələr göstərir ki, COVİD-19 infeksiyası əvvəlcədən tinnitus problemi yaşayan insanlarda xəstəlikdən sonra vəziyyəti daha da pisləşdirib.
Nəticələri “Frontiers in Public Health” jurnalında dərc olunan tədqiqata tinnitusdan əziyyət çəkən 3100 nəfər cəlb edilib. COVİD-19 infeksiyası keçirmiş 237 respondentin 40 faizi virusa yoluxandan sonra tinnitus simptomlarının daha da kəskinləşdiyini bildirib.
“Frontiers in Public Health” jurnalında əksini tapan tədqiqatın rəhbəri, Britaniyanın Enqli Raskin Universitetinin audioloqu Eldre Byuks deyir: “Qızılca, qulaqdibi və məxmərək xəstəlikləri də daxil olmaqla, bir sıra infeksiyalar eşitmə qabiliyyətinə təsir göstərir. Bundan başqa, COVİD-19 infeksiyasını müalicə etmək üçün qəbul olunan dərmanlar tinnitusu daha da kəskinləşdirə bilər. Tinnitusla stress arasında bağlılılığın olduğu isə sübuta yetirilib”.
Tədqiqat zamanı pandemiya dövründə infeksiyaya yoluxma qorxusunun və digər faktorların bir çox insanda stres yaratdığı, habelə sosial izolyasiya tədbirlərinin özünəqapanma və təcridolma hallarını gücləndirdiyi vurğulanıb.
Doktor Byuks stress yaradan faktorlar arasında onlayn təhlisi də qeyd edir. O, distant təhlisin qəhvə və spirtli içkidən çox istifadə olunmasına şərait yaratdığını bildirir.
Hyustonda yaşayan və oradakı tinnitus xəstələrinə dəstək qrupunun üzvü olan informasiya texnologiyaları üzrə mütəxəssis Kim Veller pandemiyanın hətta COVİD-19 infeksiyasına yoluxmamış tinnitus xəstələrinə də mənfi təsir göstərdiyini vurğulayır: “Mən Ohayo ştatından olan bir nəfərlə söhbətləşdim. O, vəziyyətin artıq son həddə çatdığını dedi. Çünki işləmir, rahat yata bilmir, tək yaşayır. Ətrafdan təcrid olunduğuna görə pandemiya onun həyatına çox pis təsir edib”.
Tinnitusun bəzi insanlara təsiri müəyyən dərəcədə sirr olaraq qalır. Bu problemə təxminən 200 faktor səbəb olur. Buraya yüksək səs, stress, eşitmə qabiliyyətinin zəifləməsi və qulaq pərdəsinin zədələnməsi də daxildir.
Hazırda tinnitusun heç bir müalicəsi yoxdur. Ondan əziyyət çəkən şəxslər çox vaxt koqnitiv davranış terapiyasına cəlb olunurlar. Koqnitiv davranış terapiyası – davranış və fikirləri yenidən qurmaq və ya pasiyentə vəziyyətə alışa biləcəyini başa salmaq üçün nəzərdə tutulan terapiyadır, bu terapiya pasiyentlə söhbət əsasında aparılır.
Tinnitusla bağlı ən son məlumatları Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi 2011-2012-ci illərdə keçirdiyi sorğu nəticəsində əldə edib.
Sorğu zamanı respondentlərin 15 faizi müəyyən dərəcədə tinnitusdan əziyyət çəkdiyini deyib. Respondentlərin 26 faizi demək olar ki, qulaqlarında daima küy olduğunu söyləyib. Sorğu iştirakçılarının 30 faizi tinnitusu öz həyatında orta səviyyəli və ya çox böyük problem kimi qiymətləndirib.
COVİD-19 infeksiyasının tinnitusa səbəb olduğunu ilk dəfə doktor Byuksun rəhbərlik etdiyi 7 nəfərlik kiçik tədqiqat qrupu açıqlayıb. Qulağındakı küydən əziyyət çəkən şəxslərin yarısından çoxu COVİD-19 infeksiyasının tinnitus simptomlarında heç bir dəyişiklik yaratmadığını deyib.
Maraqlıdır ki, respondentlərin 6 faizi koronavirusa yoluxandan sonra tinnitus əlamətlərinin azaldığını bildirib. Doktor Byuks hesab edir ki, həyat üçün ciddi təhlükə yaradan durumla üzləşmək bu insanlarda səs qavrayışının yenidən formalaşmasına səbəb olub: “Koronavirusa yoluxmaq bəzi hallarda sağ qalmaq uğrunda mübarizəyə bənzəyir, bu isə tinnitus xəstələrinin vəziyyəti fərqli prizmadan qiymətləndirməsinə yol açıb”.
Şimali İrlandiyadanın Derri şəhərində yaşayan Eşlinq Starrs ömrü boyu sağ qulağında küy eşitməkdən əziyyət çəkib. İki il əvvəl qızı dünyaya gələndən sonra o, qəflətən hər iki qulağında uğultu eşitməyə başlayıb və bu, keçib getməyib. Koronavirusun onlarda tinnitus əlamətlərini daha da kəskinləşdirdiyini deyən adamların təxminən 40 faizi Eşlinq Starrsın düşdüyü durumdadır.
Eşlinq Starrs erqoterapiya (xəstəlik və ya travmadan sonra insanın normal yaşamasına mane olan nevroloji problemləri aradan qaldırmaq məqsədi daşıyan tibbi ixtisas) mütəxəssisi kimi fəaliyyət göstərir. O, qızı dünyaya gələndən, hər iki qulağında küy eşitməyə başlayandan sonra, ötən ilin sentyabrda COVİD-19 infeksiyasına yoluxub. Nəticədə qulaqlarında uğultu çoxalıb. Eşlinq Starrs deyir ki, əgər koronavirusdan qabaq bu səs-küyü 10 ballıq cədvəl üzrə 3 balla qiymətləndirmək olurdusa, koronavirusdan sonra uğultunun səviyyəsi 7 bala çatıb.
Eşlinq Starrs tinnituslə COVİD-19 arasında əlaqədən bəhs edən məqaləni oxuyana qədər ağlına da gətirmirmiş ki, onun qulaqlarındakı uğultu məhz virusdan kəskinləşə bilərmiş: “Biləndə ki, bu problemlə üzləşən təkcə mən deyiləm, Allaha şükür etdim. Fəaliyyətim ərzində elə şəxslərlə tanış olmuşam ki, onlar qulaqlarındakı küyün diaqnozundan, tibbi adından belə xəbərsizdirlər. Eyni problemi başqalarının da yaşadığını bilmək və tək olmadığını anlamaq insanı çox sakitləşdirir”.
Devid Siqal
Mənbə: Nytimes.com