“Azərbaycan Ordusunun Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazisindəki hərbi qulluqçularının guya Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərini mühasirəyə alması və ermənilərin istənilən an postlarını itirə biləcəyi barədə yayılan məlumatın əsası yoxdur”. Müdafiə Nazirliyinin 31 mart açıqlamasında belə deyilir.
Qeyd edək ki, sözügedən məlumatı Ermənistan tərəfi yayıb. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, bu, şişirdilmiş və təhrif olunmuş xəbərdir.
Nazirlik bəyan edir ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərdə dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur: “Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik”.
Novator.az xatırladır ki, Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.