Hakim Yeni Azərbaycan Partiyasının üzvü Elvar Mirzəoğlu özünün “Facebook” səhifəsində müraciət yayıb. Novator.az-ın məlumatına görə, prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə səslənən Elvar Mirzəoğlu Səbail rayon təşkilatının üzvü, hüquq üzrə fəlsəfə doktoru, Moskva Dövlət Universitetinin doktorantı olduğunu qeyd edərək yazır: “Son vaxtlar Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan ləyaqətli insanların şəxsi həyatına ciddi müdaxilələr baş verir, onların özlərinin və ya ailə üzvlərinin intim videoları çəkilərək ictimaiyyətə təqdim olunur. Dövlət orqanları ciddi qanun pozuntuları ilə bağlı heç bir əməli təsir tədbirləri görmür. Bu məndə ciddi narahatlıq yaradır, hətta belə hərəkətlərdə dövlət orqanlarının iştirakını istisna etmirəm”.
Elvar Mirzəoğlu Demokratik Qüvvələrin Milli Şurasının sədri, alim Cəmil Həsənlinin ailəsinə qarşı son addımı pisləyərək Yeni Azərbaycan Partiyasından istefa verdiyini bildirir, Cəmil Həsənlidən onu rəhbərlik etdiyi təşkilata üzv qəbul etməsini istəyir”.
Martın 28-də Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatı ilə video yayılıb.
1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.
1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü ildə yaradılıb. Qurumun əsas liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. İlk sədri Heydər Əliyev olub. Prezident İlham Əliyev partiyaya 2005-ci ildən sədrlik edir.
760 mindən çox üzvü olan partiyanın 125 nəfərlik parlamentdə 70 deputatı var.