Malayziyanın Ali Məhkəməsi 35 ildir ölkədə “Allah” sözünün və daha üç ərəb sözünün xristian nəşrlərində istifadəsinə qoyulmuş qadağanı konstitusiyaya zidd sayıb.
Söhbət 1986-cı ildən tətbiq edilən qadağadan gedir.
Həmin qadağaya görə, xrisitan nəşrlərində “Allah”, “Kəbə”, “Beytullah” və “namaz” sözlərini işlətmək olmaz.
Malayziyanın 32 milyonluq əhalisinin üçdə ikisi müsəlmandır. Etnik çinlilər və hindlilərin də olduğu ölkədə xristianlar əhalinin təxminən 10 faizini təşkil edirlər.
Novator.az saytı xəbər verir ki, Ali Məhkəmənin 2021-ci ilin martında çıxardığı qərar 2008-ci ildə İndoneziyadan vətəninə qayıdarkən gətirdiyi dini ədəbiyyatı aeroportda əlindən alınan bir xristian malayziyalının şikayətinə əsaslanır.
Həmin malayziyalıdan müsadiqə olunan dini materiallarda “Allah” sözü varmış.
Qadının şikayətindən sonra uzun məhkəmə çəkişməsi başlanıb.
2009-cu ildə aşağı instansiya məhkəməsi 1986-cı ildə qoyulmuş qadağanın əleyhinə qərar çıxarıb. Bu, müsəlmanlar arasında hiddət doğurub. Kilsələrə və qeyri-müsəlmanların digər ibadət məkanlarına basqınlar olub. Nəticədə yuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.
İndi Ali Məhkəmənin çıxardığı yeni qərar da etirazlara yol açıb.
Ölkənin iki siyasi partiyası – Birləşmiş Malay Milli Təşkilatı və İslam Partiyası Ali Məhkəmənin qərarından narahatlığını bildirib və işin apellyasiya instansiyasına qaytarılmasını vacib sayıb.
Birləşmiş Malay Milli Təşkilatı 2018-ci ilə qədər hökumət koalisiyasına rəhbərlik edib. 2018-ci il seçkisində koalisiya dağılıb. Amma Birləşmiş Malay Milli Təşkilatı başqa partiyanın rəhbərlik etdiyi hökumət koalisiyasında yer ala bilib.
Malayziya hökumətinin müşaviri Şəmsul Bolhasan “The Star” qəzetinə deyib ki, Ali Məhkəmənin qərarına əsasən yalnız xristianlar üçün nəzərdə tutulan və üzərində xaç işarəsi olan materiallarda həmin dörd söz işlənə bilər. Yəni qadağanın başqa müstəvilərdə, tribunalarda ləğvindən söhbət getmir.
Lakin bəziləri Ali Məhkəmənin qərarını bütün malayziyalılara “Allah”, “Kəbə”, “Beytullah” və “namaz” sözlərini işlətmək səlahiyyətinin verilməsi kimi şərh edir, bildirirlər ki, bu qərardan sora müsəlman olmayan hər kəs Yaradana “Allah” deyə xitab edə bilər.
Malayziyadakı xristian liderlər xüsusilə “Allah” kəlməsinə qoyulan qadağanı absurd sayırlar. Onlar deyirlər ki, malaydilli xristianlar “İncil”dən iqtibaslar gətirəndə, dua edəndə, dini mahnılar oxuyanda həmişə “Allah” sözünü işlədirlər.
Ancaq məsələ burasındadır ki, Malayziyada yaşayan xristianların əksəriyyəti malaydilli deyil. Ölkədə xristianların çoxu ibadətini ingilis, tamil dillərində, Çin dilinin müxtəlif dialektlərində edir və Tanrını öz dillərində adlandırırlar, yəni ərəb sözü olan “Allah”dan istifadə etmirlər. Borneo adasında yaşayan malaydilli xristianların bir qismi isə Tanrıya “Allah” deyir.
Bu yaxınlarda Malayziyada rəsmi səviyyədə “Allah” sözü ilə bağlı daha bir tələb irəli sürülmüşdü. Hökumət bəyan etmişdi ki, başqa dinləri qəbul etmək istəyən müsəlmanları bu yoldan çəkindirmək üçün “Allah” sözü vurğuyla işlədilməlidir.
Mənbə: Apnews.com