Milli hesabata görə, Azərbaycanda 240671 nəfər koronavirus infeksiyasına yoluxub, 3286 nəfər xəstəlikdən vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il martın 12-də xəstəlikdən ilk ölüm rəsmiləşib.
Novator.az bildirir ki, 2020-ci ildə 218700 nəfər yoluxub, 2641 xəstə həyatını itirib.
2021-ci ilin yanvarı 11519 yoluxma, 491 ölüm, fevralı 4318 yoluxma, 88 ölümlə bitib.
Martın ilk 15 günündə 6134 yoluxma, 66 itki olub.
2020-ci il martın 31-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Hazırda əsas qadağalar bunlardır: yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış; ölkənin şəhər və rayonlarından sərnişin daşınması; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti; Bakı Metropolitenində sərnişindaşıma.